Alpər Gezeravcı
Alpər Gezeravcı (türk. Alper Gezeravcı; 2 dekabr 1979, Mersin, Silifke) – hərbi və mülki pilot, mühəndis və 19 yanvar 2024-cü ildə həyata keçirilən SpaceX AX-3 missiyasının ekipaj üzvü olaraq Türkiyənin ilk kosmonavtı.
== Həyatı ==
Alpər Gezeravcı 2 dekabr 1979-cu ildə Türkiyənin Silifke şəhərində anadan olub. İstanbulda Hərbi Hava Qüvvələri Akademiyasında oxuyub və burada Elektron Mühəndisliyi üzrə üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Rayt-Patterson HHQ bazasında yerləşən Texnologiya İnstitutunda magistr dərəcəsini qazanıb. Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarə pilotu kimi Gezeravcı T-41, SF-260, T-37, T-38, F-5, KC-135 və F-16 da daxil olmaqla bir neçə təyyarəni idarə etməkdə 15 illik təcrübəyə malikdir. Bundan əlavə, o, yeddi il Türk Hava Yolları şirkətində təyyarə kapitanı vəzifəsində çalışıb. Gezeravcı eyni zamanda uçuş direktoru, uçuş təhlükəsizliyi üzrə məsul işçi və kommersiya hava yollarının kapitanı kimi fəaliyyət göstərmişdir. Eskadrilyanın tədris aviaqrupunun komandiri kimi o, eskadrilyanın standartlara uyğunlaşdırılması və qiymətləndirilməsi, bütün təlim sənədlərinin Hərbi Hava Qüvvələri standartlarına uyğun təşkili, yoxlama uçuşlarından əvvəl bütün F-16 və KC-135R pilotları üçün imtahanların keçirilməsi və eskadrilyanın sənədlərinin standartlara uyğunluğunun nəzərdən keçirilməsinə cavabdeh idi. İdman həvəskarı olan Gezeravcı akvalanqla dalma, yelkənli qayıq idmanı, kempinq və raftinqlə məşğul olur, dağ trekinqi və at sürmədə böyük təcrübəyə malikdir.