Gi de Mopassan
Anri Rene Alber Gi de Mopassan (fr. Henri René Albert Guy de Maupassant; 5 avqust 1850 – 6 iyul 1893, Pasi[d], Paris, Üçüncü Fransa Respublikası) — Fransa yazıçısı.
== Həyatı ==
Anri Rene Alber Gi de Mopassan 5 avqust 1850-ci ildə Fransanın Dənizkənarı Sena departamenti, Turvilyasur-Ark yaxınlığındakı Miromenil qəsrində anadan olmuşdur. Atası yoxsullamış zadəgan, anası mədəni burjua ailəsindən idi. O, Ruan liseyini bitirmiş, 1869-cu ildə bakalavr adı almışdır. Mopassan ömrünün son ilərində dərin mənəvi böhran keçirmişdir. O, 1891-ci ildə ruhi xəstəliyə tutulmuş, tədriclə görmə qabiliyyətini, yaddaşını itirmiş, 2 yanvar 1892-ci ildə intihar etməyə cəhd göstərmişdir. 6 iyul 1893-cü ildə Parisdəki psixiatriya xəstəxanasında beyin iflicindən vəfat etmişdir.
== Yaradıcılığı ==
Yaradıcılığa 1870-ci illərdə anasının uşaqlıq dostu Qüstav Floberin bilavasitə köməyi ilə başlamış, onun vasitəsilə fransız yazıçıları, habelə ikinci müəllimi hesab etdiyi İvan Turgenevlə tanış olmuşdur. İlk hekayə kitabını ("Telyenin müəssisəsi", 1881) Turgenevə ithaf etmişdir.