1. GÖZƏL, GÖYÇƏK (sifət cizgiləri, bədən tənasülü, qüsursuz) Məşədi Allahverən ibtida bir arvad aldı, gözəl, göyçək (N.Nərimanov); DİLBƏR (kl.əd., şair.) Mənim yarım bir əcaib dilbərdir; Üzü tezə güldür, zülfü ənbərdir (M.P.Vaqif); DİLRÜBA (kl.əd., şair.) Bir yanda da gizlicə; Qırx dilrüba, qırx incə... (M.P.Vaqif); GÖZƏL-GÖYÇƏK [Gülbacı:] Səlim bəy qəşəngdir, gözəl-göyçəkdir (S.Rüstəm); GÜL (məc., dan.) Baxdı insan oğlu gül camalına (S.Vurğun); GÜL KİMİ (dan.) Nazlı: Minayə min fırıldaq çevirib, alan yoxdur, qarıyıb evdə, di gəl Nazlı Qəmzəlinin gül kimi qardaşı oğlunu bəyənmir (Anar); XUB (kl.əd.) Vaqif səni sevdi xublar içində (M.P.Vaqif). QƏŞƏNG Burda biz çox oturmuşuq yanaşı; Bir qəşəng qızla... onda kəlməbaşı; Demişik eşqdən, məhəbbətdən (S.Rüstəm); QİYAMƏT (məc.) Mahirə: Qiyamət oğlandı ha.. Qızlar həmişə gözəl oğlan axtarır (M.Hüseyn); LƏTİF Sonralar musiqi və rəqs zamanlarında çox zaman o lətif vücudu yanımda görürdüm (A.Şaiq); MƏLƏK (məc., kl.əd.); PƏRİ (kl.əd., şair.); Dönmüşəm mələkdən, tamam pəridən; Vaqifəm, sevmişəm təzə Fatimə (M.P.Vaqif); RƏNA (şair.) Kim bilir, yollarında ey rəna! Nə qədər, uf, boyun bükənlər var (A.Şaiq); ŞƏKİL KİMİ (dan.) Biqəm: Oğluvı deyirəm e, canımçün bir evin yaraşığıdır, şəkil kimi oğlandır (Anar); VƏCİHƏ (köhn.) Mirzə Rəhim: Doğrudan da xeyli vəcihədir! (M.S.Ordubadi); YAXŞI (dan.) Məşədi Qulamhüseyn: Özü kimi yaxşı bir arvadı da var, tez-tez məni qonaq çağırırlar (C.Məmmədquluzadə); YARAŞIQLI Universitetdə bir çox qızların ağlını yerindən oynadan bu yaraşıqlı oğlan ona heç xoş gəlmirdi (Ə.Qasımov); ZİBA (kl.əd.) Könlümdə o ziba sənəmin eşqü vüsalı; Etmişdi pərişan saçı tək fikrü xəyalı (A.Səhhət).
2. GÖZƏL (xoşagələn) Baharın axır ayının gözəl gecələrinin biri idi (Ə.Haqverdiyev); DİLBƏR [Tamarin:] Buradakı dağlar, dərələr, çaylar nə qədər dilbərdir! (M.Hüseyn); DİLRÜBA Şeyx Sənan: Nə qədər dilrüba yaşıl təpələr (H.Cavid); QƏŞƏNG Hüseyn: ikimərtəbəli qəşəng bir evin qapısını qorxa-qorxa döydü (S.Rəhman); QİYAMƏT Oturub-durmağa qiyamət olur (M.P.Vaqif); LƏTİF ..Bu lətif səsi dinləməyə başladım (M.Hüseyn); MƏLAHƏTLİ (səsə aid) Vahid: ... qəmli səsi nə qədər məlahətli idi (B.Bayramov); RƏNA Gördüm ki, bir rəna çəmənlikdəyəm (A.Səhhət); TƏRAVƏTLİ Dünya necə de təravətli olmuşdu (X.Hasilova); YAXŞI Mərdan: Yaxşı səsi varsa, yol üzünə açıqdır (X.Hasilova).