Gülçöhrə Şəfiyeva
Şəfiyeva Gülçöhrə Məmməd qızı — Azərbaycan rejissoru, Prezident təqaüdçüsü (2018-ci ildən).
== Həyatı ==
Gülçöhrə Şəfiyeva 1949-cu ildə Bakı şəhərində anadan olub. Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Uzun illər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi mərkəzi aparatında müxtəlif vəzifələrdə çalışıb.
G. Şəfiyeva 1994-cü ildən bu günə kimi Heydər Əliyev adına Sarayın baş rejissorudur.
== Fəaliyyəti ==
Gülçöhrə Şəfiyeva Rusiyada (Moskva, Sankt-Peterburq), Gürcüstanda, Türkiyədə, Fransada Azərbaycan mədəniyyətini təbliğ etmək məqsədilə hazırlanan tədbirlərin, Rusiyada, Misirdə, Birləşmiş Ərəb Əmirliyində keçirilən Azərbaycan Mədəniyyət Günlərinin, Azərbaycanda Rusiya Federasiyası İlinin açılış mərasiminin quruluşçu rejissoru olmuşdur.
G. Şəfiyevanın uğurlu işləri sırasında Ü. Hacıbəyov və M. Maqomayevin 110, Bülbülün 100, S. Aşurbəylinin 90, M. Maqomayev 60 illik yubiley tədbirlərini və "Gülüstan" Sarayında, habelə Bakı Əyləncə Mərkəzində keçirilən konsert proqramlarını xüsusi qeyd etmək lazımdır.
İstedadlı rejissor gənc müğənnilərin və ifaçıların — Zülfiyyə Xanbabayevanın, Faiq Ağayevin, Röya Ayxanın, Almaz Ələsgərlinin, Nazpəri Dostəliyevanın yaradıcılıq gecələrinin keçirilməsinin təşəbbüskarı və müəllifidir. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülmüşdür. 9 may 2018-ci ildə Azərbaycanın Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.