Əmirov Əliağa Güləli oğlu
Əliağa Güləli oğlu Əmirov (10 avqust 1922, Corat, Bakı qəzası – 1984, Corat, Sumqayıt) — Böyük Vətən müharibəsi veteranı, azərbaycanlı Polkovnik
== Həyatı və gənclik illəri ==
Əliağa Əmirov 1922-ci il, 15 avqust tarixində Bakının Corat kəndində anadan olmuşdur. II Dünya Müharibəsi başlayan zaman tələbə idi. O, cəbhəyə könüllü getmişdir. 6 ay Orconikidze adına hərbi piyadalar məktəbində oxuyub. Hərbi məktəbdə xüsusi fərqlənən Əliağa Əmirov Leytenant rütbəsi aldıqdan sonra 416-cı diviziyanın 1368-ci polkunda 6 ay gənc əsgərlərin təlimi ilə məşğul olub.
== İkinci Dünya Müharibəsi ==
Əliağa Əmirov Mozdokdan Qafqaz dağlarınadək 15 çətin döyüş əməliyyatında xüsusi fərqlənmə ilə iştirak etmişdir. O, Qafqaz döyüşü (həmçinin Qafqaz uğrunda döyüş) və ya Don əməliyyatı adlandırılan və İkinci Dünya müharibəsinin şərq cəbhəsində, Qafqaz regionunda, xüsusilə də Don çayı və Böyük Qafqaz dağları arasındakı bölgədə baş verən xüsusi əhəmiyyət kəsb edən döyüşdə verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir. O, eyni zamanda II Dünya Müharibəsində həlledici döyüşlərdən hesab edilən Berlin döyüşündə iştirak etmişdir. Əliağa Əmirov məhz bu döyüşdə piyada əleyhinə minaya düşmüşdür. Nəticədə onun bir ayağı amputasiya edilmiş və əlil olmuşdur.