sif. 1. Gərilmiş halda olan; tarım, dartılmış, tarım çəkilmiş. Gərgin iş. Gərgin sim.
// məc. Gərginlik halında olan. Gərgin əzələlər. Əsəbləri gərgin halda olmaq.
– Qollar güclü, qollar gərgin, ağır daşlar; Qaldırılır üfüqlərə. M.Müşfiq.
2. Böyük və arasıkəsilməz iş, zəhmət və enerji tələb edən; intensiv. Gərgin zəhmət.
– Bol məhsul götürmək üçün gərgin iş, səmərəli əmək tələb olunur. Ə.Vəliyev.
Mədədov taqımla gedəndən sonra, … səbirsizliklə cəbhənin gərgin vuruşmalar gedən sahələrinə göndəriləcəyini gözlədi. Ə.Əbülhəsən.
Gərgin işlə açırsan; Son zamanlar səhəri. M.Seyidzadə.
// Zərf mənasında.
Bayaqdan bəri qaşlarını çatıb gərgin diqqətlə qulaq asan Qaraş heyrətlə bir atasına, bir də anasına baxdı. M.İbrahimov.
[Çiyələyin] əlləri böyük çeviklik, səliqə göstərsə də, ürəyi, fikri də aydın, gərgin işləyirdi. B.Bayramov.
3. Çətin, ağır; həllini (çıxış yolunu) tələb edən. Gərgin vəziyyət. Gərgin beynəlxalq münasibət.
4. məc. Ağır, sıxıntılı, ciddi, çətin, gərginliklə keçən. Gərgin daxili həyəcan.
– Həmin bu gərgin dəqiqələrdə Ciminin çöhrəsi sədrin hər hərəkətini təəccüblü bir həssaslıqla əks etdirirdi. İ.Əfəndiyev.
Ölkə müharibə dövrü üçün çox təbii olan son dərəcə gərgin, həyəcanlı bir vəziyyət keçirirdi. Ə.Əbülhəsən.
□ Gərgin olmaq – ağırlaşmaq, vəziyyəti pisləşmək, pozulmaq.
Nəcəf bəyin haləti gərgin olub, tez-tez otaqda var-gəl edib sonra gəlir. Ə.Haqverdiyev.