təql. 1. Çağırışa cavab.
□ Hay vermək – çağırışa cavab vermək, səsə səs vermək. Nə qədər çağırdımsa, hay vermədi. Adam çağıranda hay verər. – Diriyə hay verməz, ölüyə pay. (
Ata. sözü ).
Küçədən acıqlı bir səs eşidildi: – Qırılmamışsınız ki, hay niyə vermirsiniz? Aç qapını… M.İbrahimov.
2. Səs-küy, hay-küy, qarmaqarışıqlıq.
□ Hay basmaq – hürərək səs-küy qoparmaq, səs-küy salmaq.
[Salman ilə Maya] alaçıqların güneyinə çıxan kimi ağılların yanından iki iri köpək hay basıb bu tərəfə cumdu. M.İbrahimov.
Hay qopmaq – bax
hay düşmək.
Hay düşmək – hay-küy düşmək, gurultu-patırtı düşmək, hay qopmaq. [Əmiraslan baba dedi:] İndiki kimi yadımdadır, hay düşdü.
Biz də dəstə ilə yığılıb getdik… S.Rəhimov.
Verdiyev … qonum-qonşuya hay düşməmək üçün bir az asta danışdı. Mir Cəlal.
Hay salmaq – hay-küy qoparmaq, gurultupatırtı qoparmaq, küy salmaq.
Mələk bilirdi ki, istədiyini verməsə [uşaq] hay salıb bağıracaq. M.İbrahimov.
[Uşaqlar] bir-biri ilə ötüşərək hay salıb üzür, qabarıb gələn dalğanı qucaqlayır(lar). Mir Cəlal.
Hay vurmaq – qışqırmaq, bağırmaq, çığırmaq.
Hay vurdum, qıy vurdum, gətirməz şikar; Tərlan baxtım sara döndü, nə döndü! Aşıq Ələsgər.
Cavabsız qalmamış hələ sualım! Hay vurur, qıy vurur tərlan xəyalım! S.Vurğun.
3. Hayında şəklində – qeydində, fikrində.
Keçi can hayında, qəssab piy hayında. (Məsəl).
Salman isə öz canının hayında idi. Ə.Vəliyev.
Əcəl getdi, tər gəldi; Tərdən dərdi-sər gəldi; Mən qəriblik hayında; Bir də bədxəbər gəldi. (Bayatı).
◊ Haya bənd olmaq – bir işi görmək üçün bəhanə, səbəb aramaq, fürsət gözləmək.
Bununla da, bir haya bənd imişlər kimi bayaqdan susmaqda olanların dilindən qıfıl götürüldü. Ə.Əbülhəsən.
Haya yetmək – imdadına çatmaq, harayına yetmək (gəlmək, çatmaq).
Hayına qalmaq – qeydinə qalmaq, qayğısını çəkmək, qayğısında olmaq, fikrini çəkmək; haqqında düşünüb tədbir görmək. [Molla:] Sənin kimi kişisinin hayına qalmayan arvaddan canım qurtarsın. “M.N.lətif.
” Mən nə haydayam, sən nə hayda(san), o nə hayda(dır) – mən nəyin qeydini çəkirəm, sən nəyin qeydini çəkirsən, o nəyin qeydini çəkir; mən nə fikirləşirəm, sən nə fikirləşirsən, o nə fikirləşir.
[Məşədi Ağabanı Fərəcullaya:] Ala, çək, mən nə haydayam, sən nə haydasan. M.Əliyev.
[Məsmə:] Qızım, başına hava gəlib, nədi, mən nə haydayam, sən nə haydasan. Mir Cəlal.