HEÇ

zərf [ fars. ]
1. Qətiyyən, əsla, bilmərrə, büsbütün. Bu barədə heç təsəvvürüm yoxdur. Bu hadisədən heç xəbərim yoxdur. Heç başa düşmədim ki, nə deyir. Onu heç sayan yoxdur.
[Məşədi İbad:] Heç başa düşmürəm ki, bu nə işdir? Ü.Hacıbəyov.
Babam derdi: “Keçən günə gün çatmaz”; Mənim könlüm bu sözlərə heç yatmaz. M.Müşfiq.

2. əd. Sual cümlələrində cümlənin sual səciyyəsini gücləndirmək üçün işlədilir.
Heç xəbərin varmı ki, müdirimiz xəstələnib? Heç görmüsən ki, ilin bu vaxtında qar yağsın? Heç belə külək olar? – [Səkinə xanım:] Gülsəba, heç bilirsən ki, mənim bu bihəya qardaşım arvadı başıma nə iş gətiribdir? M.F.Axundzadə.
[Natiq:] [Sona] heç səhərlər Xəzərə baxmısanmı? B.Bayramov.

3. İs. mənasında. Heç bir qiyməti, dəyəri, hörməti olmayan adam və ya şey haqqında. Zəhmət çəkməyən adam heçdir. Bu onun qabağında heçdir.
– Utanmazmı Füzulinin adını çəkən, özü bir heçkən. M.Müşfiq.

4. Puçluq, yoxluq, fanilik, ölüm bildirir.
Barmağım beşdi mənim; Günlərim keçdi mənim; Cəfa çəkdim, yurd saldım; Axırım heçdi mənim. (Bayatı).
[Rüstəm bəy] bir neçə dəqiqə bu halda dayandı, fərsiz gözlərini bir nöqtəyə dikdi və yenə mənasız yoxluğa daldı.
Varlıq nəzərində heçə çevrildi. Çəmənzəminli.

5. Sual cümlələrində bir şeyin, işin vaxtilə və ya hazırda olub-olmadığını, baş veribvermədiyini, edilib-edilmədiyini müəyyənləşdirmək üçün işlənir. Heç ova getmisən? Heç xaricdə olmusan? Heç ceyran əti yemisən? Heç papiros çəkmisən?
// Hər hansı bir vaxtda və yerdə; əzqəza, təsadüfən. Bu adamı heç görmüsən? Heç belə şey görməmişəm.
6. ara s. Əvvəlki sual və ya cavabdan fikri yayındırmaq məqsədilə işlədilir. Heç, elə bir şey yoxdur. Heç, başqa şey məni düşündürür. Heç, fikrim özgə yerdədir.
[Sultan bəy:] Heç, bir gədə var idi, arşınmalı satardı. Ü.Hacıbəyov.

7. Heçdən şəklində – 1) ortada, əldə heç bir şey olmadan, yoxdan, sonradan, yaxud çox cüzi, əhəmiyyətsiz bir şeydən. Heçdən bir şey düzəldib ortaya çıxarmaq. Bu şeylərin hamısı heçdən yaradılmışdır. Heçdən dövlət qazanmaq;
2) heç bir səbəb, əsas olmadan. Heçdən dava salmaq. Heçdən incimək.
◊ Heç bir – inkar cümlələrində inkarı gücləndirmək üçün işlənir. Heç bir şübhə yoxdur. Heç bir hüququ olmamaq. İşdə heç bir irəliləyiş nəzərə çarpmır. Səhərdən heç bir iş görə bilməmişəm.
[Sərvər:] Sən atana heç bir söz demə və söz açsa, deyinən ki, özün bilərsən. Ü.Hacıbəyov.
Əşrəf həyatında hələ heç bir qəhrəmanlıq eləməmişdi. S.Rəhman.

Heç biri – toplu halında olan şeylərdən, adamlardan və s.-dən biri də olsa (adətən inkar cümlələrində). Heç biri xoşuma gəlmədi. Heç biri suala əməlli cavab verə bilmədi. Heç biri köməyə gəlmədi.
– Heç biri dinib-danışmırdı. M.Hüseyn.

Heç cür – qəti surətdə, qətiyyən.
Oğlan uşağı atasına suvaşıb qışqırıq qopardı və heç cür ondan ayrılmaq istəmədi. M.İbrahimov.
Teymur qızı diqqətlə süzür, heç cür təslim olmaq istəmirdi. H.Seyidbəyli.

Heç də – əsla, o cür yox, o qədər də. Heç də elə deyil.
– Naşad əfəndi heç də mətləbə dəxli olmayan lüzumsuz sözlər ilə [Mehribanın] canını sıxırdı. S.Hüseyn.
Arvadın bu hərəkəti Rüstəm kişiyə heç də xoş gəlmədi… M.İbrahimov.

Heç bir şey1) bax heç nə. Heç bir şeydən qorxmur.
– Hava qaranlıq olduğundan heç bir şey görünməyirdi. M.Hüseyn.
Anası oğlunun sözündən heç bir şey başa düşmədi. Ə.Vəliyev;

2) boş bir şey, cüzi bir şey, əhəmiyyətsiz şey. Heç bir şeyin üstündə dava salmaq.
Heç bir vaxt (zaman) – qətiyyən, əbəda, əsla, heç vaxt, bir də, daha. Bu hadisə heç bir vaxt təkrar edilməyəcəkdir. Heç bir vaxt onu görməyəcəyik.
[Səlim:] Haqsızlıq əfv olunmaz heç bir zaman. H.Cavid.

Heç etmək – yox etmək, heçə çıxarmaq, məhv etmək.
Qurbani der: bəsdir məni puç etdin; Zəhmətimi, həm səyimi heç etdin. Qurbani.

Heç hənanın yeridir – yersiz, münasibətsiz görülən bir iş və ya deyilən bir söz haqqında.
Heç kəs – heç bir adam, heç bir şəxs. Heç kəs məni başa düşmür. Heç kəsə icazə verilmir. Sirri heç kəsə deməmək.
– …Qəzetçi gərək heç kəsi özündən incitməsin. C.Məmmədquluzadə.
Heç kəs Ağazala söz qaytara bilmir, onun qabağında dillənən olmur. Ə.Əbülhəsən.

Heç kəs heç kəsin kağızını (kitabını) oxumur – qanuna riayət edən yoxdur, özbaşınalıqdır, intizamsızlıqdır, hər kəs istədiyini edir.
Heç kəsin toyuğuna kiş deməz (daş atmaz) – çox sakit, zərərsiz, ehtiyat gözləyən adam haqqında.
Heç kəsin toyuğuna ömrümdə kiş demədim. B.Vahabzadə.

Heç kim, heç kimsə – bax heç kəs. Onun heç kimsəsi yoxdur.
[Səttar bəy:] Səlbinazın heç olmasa anası var, qovmusan, gedib evlərinə, bunun heç kimi yoxdur. N.Vəzirov.

Heç kimin (kəsin) ərizəsini oxuyan yoxdur – bax heç kəs heç kəsin kağızını (kitabını) oxumur.
Heç nə – bax heç zad.
[Nurəddini analığı Gülpəri] teztez söyərdi və heç nə üstündə döyərdi. S.S.Axundov.
Vahidin heç nəyə meyli yox idi. Mir Cəlal.

Heç olmaq – bax heçə çıxmaq. Bütün arzularım heç oldu.
Heç olma(z)sa – arzu bildirir – barı, yaxşı olardı ki. Heç olmazsa bir az dincəl.
– Hacı Rüstəm burada da çalışırdı ki, bir neçə şahı, heç olmasa bir neçə qəpik saldırsın. Ə.Haqverdiyev.
[Əsgər:] Bəs mən qızı harada görüm və nə sayaq görüm ki, heç olmasa bir balaca bələd olum? Ü.Hacıbəyov.

Heç saymaq – qətiyyən saymamaq, adam yerinə qoymamaq, hesablaşmamaq.
Heç şey – bax heç bir şey. Heç şeyə baxan deyil. Heç şeydən qorxmur. Heç şeydən ötrü özündən çıxmır.
Heç vaxt (zaman) – bax heç bir vaxt (zaman). İndi, ya heç vaxt. Heç zaman belə şeyə razı olmaq olmaz.
[Lətifə] heç vaxt beş-on dəqiqədən artıq gecikməzdi… M.Hüseyn.
Yox, Teymur bu adamı heç vaxt unutmayacaq. H.Seyidbəyli.

Heç yanından ötməyib (keçməyib) – heç xəbəri yoxdur, nə olduğunu heç bilmir, görməyib, eşitməyib. Mədəniyyətin heç yanından ötməyib (keçməyib).
Heç yox – qətiyyən, əsla.
Heç zad – heç bir şey, heç nə. Əlində heç zad yoxdur.
– Gecə yarısı Feyzullahın arvadını, uşaqlarını ürəkqopma azarına salıb, evin altını üstünə çevirdilər, heç zad tapa bilmədilər. Ə.Haqverdiyev.
[Mirhadi:] Düzü, indiki həkimlər heç zad bilmirlər. Qantəmir.

Heçə çıxartmaq1) bax heç etmək. Arzularını heçə çıxartmaq;
2) bütün əhəmiyyətini, dəyərini, ləyaqətini rədd etmək, yox etmək. Zəhmətini heçə çıxartmaq.
Heçə çıxmaq – heç olmaq, puç olmaq, yox olmaq, itmək, baxmaq, hədər getmək, nəticəsiz qalmaq. Bütün zəhmətim heçə çıxdı.
Heçə getmək – məhv olmaq, boşa çıxmaq, puç olmaq. Zəhməti heçə getdi.
– …Mənim də gəncliyim heçə getməzdi. S.Vəliyev.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HEÇ heç bax əsla
  • HEÇ əsla — qətiyyən

Antonimlər (əks mənalı sözlər)

  • HEÇ HEÇ – HƏ Heç, elə-belə gəldik baş çəkək (C.Cabbarlı); Hə, o mənə Qarabağdan, Eloğlundan çox danışdı (S
HECALAMAQ
HEÇ-HEÇƏ
OBASTAN VİKİ
Enn Heç
Enn Heç (ing. Anne Celeste Heche, 25 may 1969, Avrora[d], Ohayo – 11 avqust 2022, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası, rejissoru və ssenaristi. == Həyatı == Enn Heç 25 may 1969-cu ildə ABŞ-nin Ohayo ştatının Avrora şəhərində anadan olub. Atası baptist kilsəsində keçirilən xorun rəhbəri olub.1983-cü ildə QİÇS xəstəliyi səbəbindən atasını, bir il sonra isə baş vermiş avtoqəza nəticəsində aktyor karyerasına yeni başlayan özündən yaşca böyük olan qardaşını itirib.1985-ci ildə Enn-in 16 yaşı olarkən o, aktyorluq karyerasına yeni qədəm qoyacaq "Dünya necə fırlanır" adlı operada iştirak etmək üçün ilk təklifi alır. Lakin, anasının məsləhəti ilə ilk əvvəl məktəbi bitirməyi daha vacib hesab edərək bu təklifi rədd edir. Məktəbi bitirər bitirməz Nyu-York şəhərinə köçən Enn burada "Başqa Dünya" adlı serialda çəkilmək təklifini qəbul edir və həmin serialda oynadığı rola görə Emmy mükafatına layiq görülür.90-cı illərdə "Doni Brasko", "Vulkan", "Mən bilirəm siz keçən yay nə etmisiniz", "6 gün 7 gecə" adlı bir neçə uğurlu filmlərdə çəkilməsi kino sənayesində olan rəğmətini daha da artırmışdır.
Heç nə əbədi deyil
Heç nə əbədi deyil (ing. Nothing Lasts Forever) — Sidni Şeldonun 1994-cü ildə yazdığı romandır.
Polkovnikə heç kim yazmır
Polkovnikə məktub yoxdur (isp. El coronel no tiene quien le escriba) — kolumbiyalı yazıçı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin 1956-1957-ci illərdə yazılmış və ilk dəfə 1961-ci ildə dərc edilmiş novellası (povesti). == Məzmun == Novellada hadisələr 1956-cı ildə kiçik Kolumbiya şəhərciyində baş verir. Baş qəhrəman Min Günlük müharibənin veteranı olan 75 yaşlı polkovnikdir. O arvadı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüləndən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır. Qoca bütün ümidlərini döyüş xoruzuna bağlayır. Yanvar ayında xoruz döyüşləri başlamalıdır. Polkovnik və onun arvadı yeməyə bir şey tapmasalar da, o , öz xoruzunu yaxşı yemləyir və xoruzu satmaq təkliflərini rədd edir.
Heç kim (film, 2021)
Heç Kim - Derek Kolstad'ın senarisində İlya Naişuller tərəfindən idarə olunan bir Amerikan filmi komediyası. Baş rollarda Bob Odenkerk, Connie Nielsen, Aleksey Serebryakov və Christopher Lloyd oynayır. Film, evinə oğru girdikdən sonra ailəsini qorumağa çalışan və cinayətlə üzləşmək məcburiyyətində qalan bir ailə başçısından bəhs edir . Filmin prodüserləri Odenkerk və David Litchdir. Film Rusiyada 18 mart 2021-ci ildə ABŞ-da martın 26-da nümayiş olundu, distribütoru Universal Pictures-dir. Film dünya üzrə 57,5 ​​milyon dollar gəlir əldə etdi və tənqidçilərdən müsbət rəylər aldı, onlar Odenkerkinin varisliyini və aktyorluğunu yüksək qiymətləndirirlər. == Süjet == Hutch Mansell, qayınatası Eddiyə məxsus metal emalı fabrikində ofis işçisi kimi darıxdırıcı həyat sürən adi bir insandır. Hutchin arvadı Bekki illərdir ona soyuq yanaşır. Hutch oğlu Bleyklə yaxşı yola getmir və yeganə qızı Semmi ona bağlıdır. Bir gecə quldurlar Hutchun evinə soxulurlar.
Mister Heç kəs (film, 2009)
Mister Heç kəs (ing. Mr. Nobody) — 2009-cu il istehsalı, Jaco Van Dormaelin rejissorluğunu etdiyi filmdir. Filmin baş rollarında Cared Leto, Diane Kruger, Rhys Ifans, Sarah Polley, Linh Dan Pham, Daniel Mays və Natasha Little iştirak etməkdədir. == Mövzusu == Başlıqda bəhsi keçən Kişi Heç kəs, 2092-ci ildə dünyada qalmış son ölümlü olan 117 yaşındakı Nemo adlı bir adam. Ölüm yatağındakı Nemo gənc bir uşaqkən bir peronda dayandığını xatırlayır. Qatar qalxmaq üzrədir. Anasıyla birlikdə mi getməli, yoxsa atasıyla mı qalmalıdır? Bu qərar, sonsuz sayda ehtimalı doğuracaq ... Və bir çox planet, iki ölüm və seviləcək qadınlar.
Heç vaxt əlvida demə (film, 2006)
Heç vaxt əlvida demə (Hind: कभी अलविदा ना कहना; Rom: Kabhi Alvida Naa Kehna; Alm: Sag niemals leb wohl) Bollivudda yazdığı orijinal ssenariləri və son illərdəki rejissorluğunu etdiyi mühüm filmləri ilə gündəmə gələn Karan Joharın üçüncü filmidir. Qısaca KANK kimi də tanınır. Filmin aktyorları sırasında Shah Rukh Khan, Rani Mukerji, Preity Zinta, Amitabh Bachchan, Abhishek Bachchan və Kirron Kher kimi məşhur Bollivud aktyor və aktrisaları olduğuna görə bu 2006-cı il filminə “Bollivudun ulduz paradı” ləqəbi verilmişdir. Karan Coharın ilk iki filmində baş rolu oynayan Kacol, eyni ildə çəkilən Fanaa filmində iştirak etdiyi üçün bu filmdəki Maya rolundan imtina etməli olmuş, lakin Coharın müvəffəqiyyət ulduzu olaraq Rock'N Roll Soniye mahnısında qısa bir rəqs şousu edərək filmdə qonaq aktyor qismində iştirak etmişdir. Filmin çəkilişlərin əksəriyyəti Nyu Yorkda aparılmış, qapalı çəkilişlərin bir hissəsi isə Mumbaydakı studiyalarda həyata keçirilmişdir. Daha əvvəl Dil Chahta Hai, Kal Ho Naa Ho və Don kimi mühüm filmlərin musiqisini bəstələyən Şankar-Ehsaan-Loy triosunun bəstələdiyi mahnıların sözlərini Caved Axtar və Bilal Şahvani yazmışdır. Təxminən 15.000.000 dollarlıq büdcə ilə çəkilən film 2007-ci ildə İstanbul Film Festivalı da daxil olmaqla bir çox ölkədə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Lakin onun IMDb-də qazanmış olduğu 5.6 reytinqi digər Cohar filmlərinin xalları ilə müqayisədə diqqətəlayiqdir. == Aktyorlar və rolları == Amitabh Bachchan ... Samarjit Singh Talwar; "Sexy Sam" Shah Rukh Khan ...
Qızım olmadan heç vaxt (film, 1991)
Qızım olmadan heç vaxt (İngiliscə:Not Without My Daughter), 1991 istehsalıdır ki bir Amerika vətəndaşı Betti Mahmudi və qızının ərindən və İrandan qaçışlarını mövzu alan filmdir. Film ABŞ və İsraildə çəkildi və baş rollarda Salli Fild və Alfred Molina oynamışdır. == Xarici keçidlər == Not Without My Daughter — Internet Movie Database saytında.
Mən bilirəm ki, mən heç nə bilmirəm
"Mən bilirəm ki, mən heç nə bilmirəm" (q.yun. ἓν οἶδα ὅτι οὐδὲν οἶδα ; lat. scio me nihil scire və ya scio me nescire) — qədim yunan filosofu Sokrata (filosof Platona görə) aid olan ifadə . Bununla belə, 1968-ci ildə “Apologiya” nəşrinin qeydlərində A. A. Taho Qodi bu ifadəni Dilsə istinadən Demokritə aid edir. Bəzi sitatlarda bir qədər dəyişdirilmiş formada rast gəlinir - “ Mən nə qədər çox bilsəm, bir o qədər də başa düşürəm ki, heç nə bilmirəm ” və “ Təkcə onu bilirəm ki, heç nə bilmirəm.” == Mənası == Sokrat öz fikrini belə izah edirdi: insanlar adətən nəyisə bildiklərini düşünürlər, amma məlum olur ki, heç nə bilmirlər. Belə çıxır ki, mən öz bilgisizliyimi bilə-bilə, əslində mən hamıdan çox bilirəm . Görünür, burada məntiqi cəhətdən ziddiyyətli bir ifadə var: əgər insan heç nə bilmirsə, deməli bilmədiyi haqqında da bilə bilməz. Bu, bir növ koqnitiv təvazökarlıq prinsipini formalaşdırmaq cəhdidir. Bunu belə təsəvvür etmək olar: təsəvvür edin ki, bütün biliklərimiz şarın içindədir, bilgisizlik isə şarın çölüdür. Biliklərimiz nə qədər çox olarsa, şarın səthi bir o qədər çox olur və buna görə də əslində bilgisizlik ilə "təmas" getdikcə çoxalır.
İndi ya heç vaxt; Biz həmişəlik öləcəyik yoxsa yaşayacağıq?
Pakistan Bəyannaməsi — (İndi və ya Heç Olmayacaq; Biz Həmişəlik Yaşayacağıq və ya məhv olacağıq?) Adlı kitabça Çaudhri Rəhmət Əli tərəfindən yazılmış və çap edilmiş, 28 yanvar 1933-cü ildə Pakstan sözü ("i" hərfi olmadan) ilk dəfə istifadə olunmuşdu və 1932-ci ildə isə Üçüncü Dəyirmi Masa konfransının nümayəndələrinə yayılmışdı. == Gizlədilmiş məktub == Kitabça 1933-cü ildə Londonda keçirilən Üçüncü Dəyirmi Masa konfransındakı İngilis və Hindistan nümayəndələrinə təqdim etmək üçün yaradıldı. Bu, tək Rəhmət Əlinin imzaladığı 28 Yanvar 1933-cü il tarixli gizli məktubu 3-cü Humberstone Yolundan ünvanlandı.Məktubda bəyan edir:"Hindistanın beş şimal birliyində - Pəncab, Şimal-Qərb Sərhəd (Əfqan) əyalətində, Qucarat, Kəşmir, Sind və Bəlucistan bölgələrində yaşayan otuz milyon "Pakstan" müsəlmanları adından bir müraciəti əlavə edirəm. Bu, Hindistanın digər sakinlərindən fərqli olaraq milli statuslarının tanınması tələbini Pakistana dini, sosial və tarixi zəmində ayrıca Federal Konstitusiya verilməsi ilə təcəssüm etdirir." == Nəticə == Sonrakı məktublarda, Pakistandan başqa Çaudri, Banqistan və Osmanistan kimi alt qitədə bir sıra digər müsəlman dövlətlərinin də qurulmasını təklif etdi. Şərqi Hindistandakı Şərqi Benqal və Assamdakı keçmiş müsəlman vilayətlərinin Banqistan, benqal, əssam, və bihar dillərində danışan müsəlmanlar üçün müstəqil bir müsəlman dövləti olmasını təklif etdi. Ayrıca Heydərabad əyalətinin Osmanistan adlı bir İslam monarxiyasına çevrilməsini təklif etdi. 3 iyun 1947-ci ildə Müsəlman Liqasının İngilis bölmə planını qəbul etməsindən sonra, 6 gün sonra "Böyük Xəyanət" adı verilən bir planla, İngilis planının rədd edilməsini və Pakistan planının qəbul edilməsini istədi. 1933-cü ildə hazırladığı "İndi ya da əsla" adlı kitabında hazırladığından daha kiçik bir şey Pakistan üçün bədbəxtlik idi. Cinnahı daha kiçik bir Pakistanı qəbul etdiyinə görə qınadı, və onu "Qırılma-e-Əzam" adlandırdığı deyilir. Sonda İngilis planı qəbul edildi və Əlinin planı rədd edildi.
Heçi
Heçi (çin. 河池市) — Çinin Quansi-Çjuan muxtar rayonunda 4 milyona yaxın əhalisi olan şəhər.
Heçi Hava Limanı
Heçi Hava Limanı — (IATA kodu: HCJ) — Çinin Quansi-Çjuan muxtar rayonunun 4 milyona yaxın əhalisi olan Heçi şəhərində fəaliyyət göstərəcək aeroport. Digər aeroportlardan fərqli olaraq yüksək dağ zirvəsində, buludlardan da hündürdə yerləşir. 2014-cü ilin 28 avqustunda açılışı olmuşdur. == İnşası == İnşası 5 ilə başa gəlmişdir. Uzunluğu 2200 metr, eni isə 45 metr olan hava limanını salmaq üçün 60-a yaxın zirvə dağıdılaraq hamarlanıb.
Heçlik
Heç və ya Yox, söz mənasıyla heç bir varlığın olmadığını ifadə edən bir işarə əvəzliyi. Yəni olmayanı amma mütləq mənada olmayanı işarə edər. Heçlik və ya Yoxluq isə Heç əvəzliyinin hakim olduğu vəziyyəti ifadə edər. Fəlsəfi və texniki olmayan gündəlik istifadə mənasında, Heç və ya Yox sözü varlıqdakı bir əskikliyi ifadə edər.. Bu mütləq mənadakı heçlik / yoxluq qavramından fərqlidir. Mütləq mənada yoxluq və heçlik, suyun əslində heç olmadığı, su deyə bir varlığın yox olduğunu ifadə etməkdədir.
Heçlik, Titanın qəzası (roman)
Nahaq yerə, Titanın qəzası (ing. Futility, or the Wreck of the Titan) — 1898-ci ildə, qısa hekayələr və romanlar müəllifi, amerikan yazıçı, Morqan Robertson tərəfindən yazılmışdır. Əsərdə Titan adlı bir gəminin Atlantik Okeanında (Şimali Atlantik) buz dağına çırpılaraq sulara qərq olmasından bəhs olunur. Əsərdəki Titan gəmisi, 14 il sonra yəni 1912-ci ildə batan əfsanəvi Titanik gəmisi ilə inanılmaz bənzərlik təşkil edir.Morqan Robertson bu əsərlə uğur qazanmır və kitab satılmır. Bu əsərdən sonra uğursuzluq onu buraxmır və digər yazdığı əsərlər heç vaxt maraq doğurmur. Bu səbəbdən böyük stress keçirərək psixoloji müalicə alır. Uğursuz bir yazar olaraq, 1915-ci ilin mart ayında bir otel otağında ayaq üstə keçirdiyi ürək tutmasından dünyasını dəyişir. Titanikin batışından 3 il sonra dünyadan köçsə də heç kəs onun bu əsərini yada salmamış və maraq göstərməmişdi. == Əsərin qısa məzmunu == Əsərdə böyük bir gəmi təsvir olunur və heç vaxt batmayan bir gəmi adlandırılır. Gəmi İngiltərədən ABŞ-a doğru yol alacaqdır.
Heçliyə sıçrayış (roman)
Heçliyə sıçrayış (rus. Прыжок в ничто) - Aleksandr Belyayev tərəfindən elmi-fantastika janrında yazılmış roman. Əsərdə bir qrup qərbli kapitalistin kommunizm inqilabından qaçmaq macəralarından bəhs olunur. Kapitalistlər qəti qərar çıxarırlar ki, Yer planetində onlara xilas yoxdu. Odur ki, kapitallarının köməkliyi ilə kosmik gəmi - Nuhun gəmisi -ni tikdirərək kosmosa qaçırlar. Siolkovskinin ideyalarına əsaslanan və Venera planetində baş verən macəralar olduqca maraqlı və düşündürücüdür. Yazıçı bu əsəri nəşriyyata ona ad vermədən təqdim edib. Üzərində çox düşünsə də romanı adlandırmaqda çətinlik çəkib. Nəşriyyatda romanı adlandırmaq üçün hətta mükafat da təyin edilib. Buna baxmayaraq elə yazıçının özü əsəri adlandırmağa müvəffəq olub.

Digər lüğətlərdə

белошве́йка взду́маться заска́кивать ин... мя́у но́ющий побели́ть подозрева́ние преобрази́ть сирта́ки хряст чири́кание шала́ндаться шко́льничий неврологи́ческий приверте́ть фритю́рница елнуть поздравить apyrous dulse percursory run-up scotophil рассыпчатый