İMKAN

is. [ ər. ]
1. Hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi, mümkünlük, mümkün olma.
Nə dildə olsa olsun elm olsun xəlqi-aləmdə; Deyildir bir dilə məxsus, var hər dildə imkanı. S.Ə.Şirvani.
…Kömək etmək imkanı əldə ikən, bu vəzifədən boyun qaçırmaq … insanlıq sifətini itirmək deməkdir. M.S.Ordubadi.
…Asanlıqla odun gətirməyə imkan vardı. Ə.Əbülhəsən.

// Əlverişli şərait.
□ İmkan gözləmək – bir işi həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləmək, fürsət gözləmək.
İmkan olmamaq – mümkün olmamaq, müyəssər olmamaq.
Səni görsəm özüm ilə həsədimdən ölərəm; Bu səbəbdən mənə vəslin dəxi imkan olmaz. S.Ə.Şirvani.

İmkan tapmaq – bir işi həyata keçirmək üçün əlverişli yol tapmaq, fürsət tapmaq.
[Qaçaqlar] kütləvi talana imkan tapa bilmədilər. M.S.Ordubadi.
[İnsanlar] boğazlarına keçmiş fəlakət zəncirini qırıb atmağa heç bir yol və imkan tapa bilmirdilər. Ə.Abasov.

İmkan verməmək – mane olmaq, yol verməmək, qoymamaq.
İmkan yaratmaq (vermək) – bir işi həyata keçirmək üçün əlverişli şərait yaratmaq, yol vermək.
Ayıq ol, döyüşə yaratma imkan; Hər kiçik iş üçün tökülməsin qan. A.Şaiq.
Qadınına gəldikdə onun yaşaması üçün geniş imkan yaratmalısan. M.S.Ordubadi.

İmkan yoxdur – mümkün deyil, ola bilməz, imkan xaricindədir.
2. Bir şeyin həyata keçməsinə kömək edən əlverişli şərait. Maddi imkanlar. Yaşamaq, çalışmaq, oxumaq üçün hər cür imkan və şərait yaranmışdır.
– Təsərrüfatın daxili imkanlarından geniş istifadə edilir. (Qəzetlərdən).

// İqtidar, qüvvə, vəsait.
Mirzə Səfərin vəziyyəti mənə aydın məlumdur və uşaqlarını öz xərci ilə oxutmağa onda imkan var. Ə.Haqverdiyev.

◊ İmkan daxilində – nə qədər imkan varsa, güc çatdığı qədər.
…İmkan daxilində bəzi ədəbi mülahizələr söyləmək istəyirəm. S.Rəhimov.

İmkan xaricində olmaq – mümkün olmamaq, həyata keçirməyə güc, bacarıq çatmamaq, bacara bilməmək.
…O zamankı dünyanın ən böyük paytaxtını piyada gəzmək imkan xaricində idi. M.S.Ordubadi.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İMKAN 1. İMKAN (hər hansı şərait daxilində bir işin həyata keçirilə bilməsi; mümkünlük) Anası arada imkan tapıb, Vüqardan məktub gəlib-gəlmədiyini soruşdu (
  • İMKAN mümkünlük
  • İMKAN iqtidar — qüvvə — vəsait
İMİTÁSİYA
İMKANLI

Digər lüğətlərdə