Nur İnayət Xan
Nur Nissa İnayət Xan və ya Nora Beyker kimi tanınan Nur İnayət Xan (1 yanvar 1914[…], Moskva, Rusiya imperiyası – 13 sentyabr 1944, Daxau həbs düşərgəsi, Bavariya, Almaniya Reyxi[d]) — II Dünya müharibəsində İngiltərə Xüsusi Əməliyyat Bürosunda xidmət edən ingilis casusu.
Madlen kod adı altında İngiltərə Xüsusi Əməliyyat Bürosunun (ing. Special Operations Executive (SOE)) agenti olaraq, İkinci Dünya müharibəsi dövründə Fransa Müqavimət hərəkatına kömək məqsədilə İngiltərədən, işğal olunmuş Fransaya göndərilən ilk qadın operator olub. İnayət Xan ona edilən xəyanət nəticəsində tutularaq, Daxau həbs düşərgəsində edam edilib. Ölümündən sonra Birləşmiş Krallığın ali ordenlərindən biri olan SOE-dəki xidmətlərinə görə George Crossa layiq görülüb.
Ailədki dörd övladdan böyüyü olan Nur İnayat Xan 1 yanvar 1914-cü ildə Moskvada anadan olub.
Atası İnayət Xan Hind sultanlarının nəslindən olan müsəlman idi; valideynlərinin hər ikisi zadəgan nəslindən idilər və nəsillərində musiqiçilər var idi. Onun ulu babası Maysur əmirliyi hakimi Tipu Sultan idi. Avropada musiqiçi və sufizm müəllimi olaraq yaşadı. Anası Pirani Amina Bequm (Ora Rey Beyker), Nyu-Meksiko ştatının Albukerke şəhərindən olan və Amerikada gəzərkən İnayət Xan ilə tanış olan amerikalı idi.