zərf 1. Hazırda, bu anda, hazırkı vaxtda, bu saat, əlan. İndi gəldi. İndi gedəcəyəm.
Görəsən, indi o haradadır? – Dağlar, sənin ilə həmdəm olmadım; Əsirgərsən indi qarı da məndən. Qurbani.
Dedi xatun ki: – Söylə, ey fərzənd; Noldu kim, olduq indi dövlətmənd? M.Ə.Sabir.
// Bu saat, tez.
Sel axar, mələr gələr; Dağ-daşı dələr gələr; Düşmən gəldi, indi gör; Başıma nələr gələr. (Bayatı).
[Əsgər Gülçöhrəyə:] …İndi sən get evə, yoxsa bizi görərlər, xudahafiz. Ü.Hacıbəyov.
İndi nazirlər qarşı-qarşıya oturmuşdu. S.Hüseyn.
// Əvvəlki vəziyyətə, şəraitə, keyfiyyətə qarşılıq mənasında. İndi mən o adam deyiləm. İndi o çox ağıllanmışdır. İndi adam lazımdır ki, bu işi boynuna götürsün.
2. Başqa mətləbə, mövzuya, məsələyə keçdikdə işlənir. İndi o biri söhbətə keçək. İndi mən sizi yeni əsərlərlə tanış edəcəyəm.
◊ İndi də –
1) hələ də.
[Səmirə:] Bu zəifliyim üçün indi də özümü danlayıram. M.Hüseyn;
2) indi, bu dəfə.
İndi də onun sözlərində elə bir məna görməyən qızlar cavab qaytarmadılar. İ.Hüseynov.
İndi ki – bir halda ki, madam ki, əgər. İndi ki sən gedirsən, mən getmirəm.
– [Yaşlı kişi:] İndi ki sən sözündə israr edirsən, get, özünü imamın qəbrinə bağlayıb, Çopur üçün ağla, – dedim. S.Hüseyn.
[Gülçöhrə:] Ay ata, indi ki sən istəyirsən mən ərə gedim, qoy onda öz istədiyimə gedim. Ü.Hacıbəyov.