Bakı Gənclər Mərkəzi
Bakı Gənclər Mərkəzi — Azərbaycanın paytaxtı Bakı şəhərində, Sabunçu rayonunda inşa edilmiş gənclərin inkişaf mərkəzi. Mərkəz böyük kompleksdən ibarət olmaqla, özündə Heydər Əliyev Muzeyi, 300 nəfərlik konfrans zalı, elektron kitabxana, gənclər kafesi, kinozal, intellektual oyun otağı, rəqs zalı, musiqi otağı, rəsm otağı, şahmat otağı, xarici dil və linqafon otağı, fotostudiya və dərnək otaqlarını birləşdirir. Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayevadır.
== Haqqında ==
Bakı Gənclər Mərkəzi gənclərin şəxsi inkişaf və karyera yüksəlişini, asudə vaxtlarının səmərəli təşkilini, mövcud potensiallarının üzə çıxarılmasını həyata keçirməklə ölkəmizdə insan kapitalının inkişafına töhfə verən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tabeliyində fəaliyyət göstərən Sosial Xidmət Müəssisəsidir.
Bakı Gənclər Mərkəzi 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılaraq ölkə gənclərinin istifadəsinə verilmişdir.
Bakı Gənclər Mərkəzi gənclər üçün karyera quruculuğu, yerli və beynəlxalq proqramlarda iştirak, təcrübə proqramları, təlim və görüşlər, inkişaf məktəbləri, təkmilləşdirmə proqramları sahəsində fəaliyyətlərin həyata keçirir.
Bakı Gənclər Mərkəzinin zəngin maddi-texniki bazası gənclərin özlərini rahat hiss etmələri, öyrənməkdən zövq almaları və axtardığı informasiyanı vaxtında tapa bilmələrinə hesablanmışdır.
Bakı Gənclər Mərkəzi Heydər Əliyev adına parkın ərazisində yerləşir. 2,3 hektar əraziyə sahib olan parkda oyun meydançası və açıq hava tədbirlərinin təşkili üçün səhnə quraşdırılıb. Mərkəz üçmərtəbəli olmaqla ümumi sahəsi 5800 m² təşkil edir.