1. sif. Qızdırılmış, isidilmiş, hərarəti artırılmış (soyuq qarşılığı). İsti otaq. İsti ütü. İsti süd.
– Hənifə bir əlində tas, o biri əlində isti su ilə dolu vedrə və dolça, tövşüyə-tövşüyə içəri girdi. İ.Hüseynov.
2. is. Xəstəlik halında bədəndə yaranan hərarət, istilik. Xəstənin istisi qalxmışdır.
– İstisini ölçüb dərhal; Ana deyir: – Dincəl bir az. M.Dilbazi.
[Salama] elə gəldi ki, sinəsindən isti qalxır… Mir Cəlal.
3. sif. İstilik verən, yandırıcı, qızğın. İsti günəş. İsti şüa.
– …Turab Xəzər dənizindən qalxan od kimi isti günəşdən yorğun gözlərini açdı. M.Hüseyn.
Əsla məni döyməsin; İsti günəş, sərt külək. Z.Xəlil.
// Hava haqqında. İsti gün. İsti hava.
– Nə gözəldir dolaşmaq isti yay fəsilləri; Bu sərin sahilləri. M.Müşfiq.
Avqustun ortaları olduğundan hava çox isti idi. İ.Əfəndiyev.
İsti yay günləri də Tapdığın intizarını anlayıb tez gəlib keçdi. Ə.Vəliyev.
// Mülayim iqlimi olan. İsti ölkələr (cənub ölkələri).
// is. Bərk qızmış hava; hərarət, istilik. Heç kəs nə qapıda, nə küçənin bir yanında görünmür.
Yəqin ki, istinin zərbindən hərə bir kölgə yerə pənah gətirib. C.Məmmədquluzadə.
[Məşədi Qəzənfər:] Yazın istisində harada sərinləyə bilərsən? Ü.Hacıbəyov.
Dözülməz isti insanı taqətdən salırdı. Ə.Sadıq.
// Cəm halında: istilər – havanın qızmağa başlaması. İstilər düşdü. İstilərin başlanmasına az qalıb.
– İstilər düşdükcə başını qaldırıb canlanmış cürbəcür həşərat və milçəklər bu gecə sanki qəsdən daha çox fəaliyyət göstərirdi. M.İbrahimov.
4. sif. Bədəni soyuqdan yaxşı qoruyan;
yun. İsti köynək. İsti paltar. İsti corab.
– Gecələr yatmayıb hər bir qoçağa; İsti paltar tikdi gəlinlər, qızlar. S.Vurğun.
[Zəhranın] ayağında dizdən əsgər çəkməsi, başında isti papağı vardı. Ə.Vəliyev.
5. sif. məc. Hərarətli, mehriban, nəvazişli, oxşayıcı, səmimi.
Şux səslərlə dolu isti yuvalar; Daşqın çaylar, durğun göllər bizimdir… A.Şaiq.
Bircə nöqsan tapmayaraq övladının varlığında; Bir can kimi bəsləmişdir məni isti qucağında. S.Rüstəm.
[Gülcamal:] Məmmədin səsinə oxşayır bu səs; Onun nəfəsidir bu isti nəfəs! Z.Xəlil.
◊ İsti basmaq – bir işdən, sözdən, hadisədən və s.-dən çox mütəəssir olub özünü istilənmiş kimi hiss etmək.
İsti çalmaq – bax
isti basmaq.
Bu səsdən məni bir isti çaldı, hərarət bütün bədənimi mum kimi yumşaltdı. Mir Cəlal.
İsti vurmaq – günəşin şiddətli təsirindən süstləşmək, əzgin və ya bayğın hala gəlmək.
Gorus dağının qaşında Nəbini isti vurur, bir kölgəlik tapıb uzanır. “Qaçaq Nəbi”.
İsti yer – sakit, rahat, qazanclı, gəlirli iş, vəzifə, mənasında.
O gah getmək istədi, gah da isti yerini soyutmaqdan qorxdu. Mir Cəlal.
İsti-soyuq dadmaq (görmək, bilmək və s.) – bax
bərkə-boşa düşmək (“bərk-boş”da).
[Məsum kişi:] …Oxuyanda nə olar, – deyirdi, – uşağın birisidir. Dünyanın işlərini nə qanır.
İsti-soyuq dadmayıb. Mir Cəlal.
Durna bacı dünyanın isti-soyuğunu yaxşı bilən adamlardan idi. Ə.Sadıq.