İŞLƏTMƏK

f.
1. İş gördürmək, işlə məşğul etmək, iş görməyə məcbur etmək; çalışdırmaq. Fəhlə işlətmək. Uşağı işlətmək. Qızı uşaqlıqdan işlətmək.
2. Bir şey üçün istifadə etmək; faydalanmaq.
Ən uşaqlıqdan möhnətə adət etmiş Məşədi Əsgər gəmiçilik işinə mahir olduqda özü üçün bir barkas alıb işlətməyə şüru etdi. S.M.Qənizadə.
Gülsənəm arvad təknə əvəzinə işlətdiyi alümin ləyəni stulla bərabər yerindən götürüb, … qız əhvalatını açıb danışdı. M.Hüseyn.
Fərmanın qoçaqlığı orasındadır ki, o, mürəkkəb maşını işlətməyi artıq mənimsəyibdir. Ə.Sadıq.

3. Tətbiq etmək, işə salmaq. Siyasət işlətmək. Fənd işlətmək. Hiylə işlətmək.
– Koroğlu qayıtmaz, tufan salmasa; Cida işlətməsə, qılınc çalmasa. Koroğlu”.
Molla Qasım anladı ki, … hər nə kələyi varsa, işlədə biləcəkdir. S.S.Axundov.
Böyük yazıçı vəfat etdiyi günə qədər qələmini işlətdi. M.İbrahimov.

4. Sərf etmək. Pulu qənaətlə işlətmək.
– Cəm oluruq bir məclisə yüz nəfər; İşlədirik neçə batman çay, şəkər. Ə.Nəzmi.

// İçmək, qəbul etmək, yaxud içmək və ya yemək kimi istifadə etmək.
Sirkəni artıq işlədənin bədəni zəif olur. H.Zərdabi.
[Professor:] Bu dərmanları vaxtında işlət… Qantəmir.

5. Danışıqda, yazıda tətbiq etmək, istifadə etmək. Qəliz ibarələr işlətmək.
– Hələ … ruslar, polyaklar və qeyrilər bizə görə öz dillərini və yazılarını çox işlədirlər… C.Məmmədquluzadə.
[Səmirə:] Orta məktəbdə oxuyarkən bizim hamımızın işlətdiyi bu dəbdə bəzi ifadələr indi məndə parodiya təsiri buraxırdı. M.Hüseyn.

6. Adətən “qarnını” sözü ilə – ifraz prosesini qaydaya salmaq, yaxud əksinə, ayaqyoluna salmaq.
İŞLƏTMƏ
İŞLƏTMƏLİ

Digər lüğətlərdə