KAM

is. [ fars. ]
1. Arzu, məqsəd, məram, murad.
Neçə ildir gözümüzü Mürsəlin toyuna dikmişik, bu bizim üçün böyük kamdır… A.Şaiq.
Zaman bizdən kam alıbdır; Daha ürək qocalıbdır; Bizdən ancaq ad qalıbdır; Nə sən gülsən, nə mən bülbül. B.Vahabzadə.

□ Kam almaq1) bax kama yetmək (yetişmək, çatmaq).
Fərhad, Məcnun, Kərəm kamın almadı; Bir Yusifi sevdiyinə yetirdin. Molla Cümə.
Biz də muradımızca fələkdən kam alaydıq; Sizə qonşu olaydıq. M.Müşfiq;

2) intiqam almaq, əvəz olaraq birinin fəlakətinə sevinmək.
Kam bulmaq köhn. – bax kam almaq 1-ci mənada.
Fəsli-bahar gəldi, könül, şad, kam bul! Q.Zakir.

Kam vermək – arzusuna, kamına yetirmək.
Xəstədir, Qövsi, təbibin, dərd bilmək çağıdır; Çarə qılmaq, kam vermək, könül almaq çağıdır. Qövsi.

Kama yetirmək – arzusuna çatdırmaq.
Kama yetmək (yetişmək, çatmaq) – arzusuna nail olmaq, məqsədinə çatmaq.
Deyin sərvi-güləndama; Öldürsün, yetişsin kama. Q.Zakir.
[Mirzə Rza:] [Nəsrəddin şahı] öldürdüm, indi kama yetişdim! C.Cabbarlı.
Yoxsa yetməyəcək kamına şair; Quru bir taxtanı simsiz çalacaq? S.Vurğun.

Kami-dil klas. – ürək arzusu.
Şükr Seyyid, gedirəm kami-dil ilə bu səhər. S.Ə.Şirvani.

Kamı gözündə qalmaq – arzusuna çatmamaq, arzusu ürəyində qalmaq.
Gözündə qalmasın insanın kamı. Z.Xəlil.

2. klas. Ləzzət, zövq.
□ Kam vermək – zövq vermək, ləzzət vermək.
Açdın dəriiltifatü ənam; Verdin gərəgincə hər kəsə kam. Füzuli.

Kam götürmək – zövq almaq, ləzzət almaq.
[Qadın:] İkicə nəfər belə balam olaydı, hərəsini bir məktəbə qoyaydım, hər gün birinin yanına gedib baxanda kam götürəydim. Mir Cəlal.

3. Kamınca, kamımca şəklində köhn. – ürəyincə, ürəyimcə; istədiyin kimi, istədiyim kimi.
Seyyid, təhəmmül et şəbi-hicranə, çəkmə ah; Bir gün olur ki, kamınca ruzigar olur. S.Ə.Şirvani.
Yüz il yaşayıb bircə gün ömrümdə fələkdən; Kamımca mədar olmasa, mən neyləyə billəm? Ə.Vahid.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KAM kam bax 1. arzu; 2. ləzzət 1
  • KAM murad — dilək — istək — arzu

Etimologiya

  • KAM Fars dilində iki mənası var: 1) arzu 2) damaq, ağız. İkinci məna zəminində dişlə bağlı qamaş feili əmələ gəlib
  • KAM alm. kamm – yal
KAM₂
KAMAL

Digər lüğətlərdə