Ədəbi əlaqə və təsir
Ədəbi əlaqə və təsir — bir ədəbi hadisənin başqa ədəbi hadisə ilə ideya yaradıcılıq əlaqələri. Ayrı-ayrı yazıçılar, yaxud ədəbi cərəyanlar, məktəblər və bütöv ədəbi dövrlər səviyyəsində yaranır. Ədəbiyyatla digər sənət növləri (teatr, rəssamlıq, musiqi və s.) arasında da əlaqə və qarşılıqlı təsir mövcuddur. Bir sənətkarın yaradıcılığında olduğu kimi, ümumi ədəbi prosesdə də hər şey bir-biri ilə qarşılıqlı əlaqədə olur.
== Haqqında ==
Ədəbi əlaqə iki aspektdə öyrənilir: yazıçı, yaxud ədəbi mühitin təsir altında olması və onun özünün təsir göstərməsi. Bir milli ədəbiyyat daxilində ədəbi əlaqə bir yazıçı, yaxud yazıçılar qrupunun öz müasirlərinə, yaxud sonrakı ədəbi nəsillərə təsiri, millətlərarası ədəbi əlaqə isə bir xalqın bədii kəşfləri və nailiyyətlərinin başqa bir xalqa təsiridir. Başqa ədəbiyyatlarla əlaqə, qarşılıqlı mübadilə və hətta təsirlənmə milli ədəbiyyatın zəiflik əlaməti yox, dinamik inkişaf əlamətidir. Milli ədəbiyyat qapalı, yalnız öz çərçivəsində inkişaf edə bilməz, milli ədəbiyyatın gücü onun qeyri-milli ədəbiyyatlarla, inkişaf etmiş ədə-biyyatlarla yaradıcılıq ünsiyyətinin dərinliyində və çoxcəhətliliyindədir.
Antik yunan ədəbiyyatı, orta əsrlər Azərbaycan, fars-tacik şeiri, İtaliya İntibah dövrü ədəbiyyatı, Fransa Maarifçilik ədəbiyyatı, rus realist ədəbiyyatı beynəlmiləl əhəmiyyətə malikdir. Sənətin inkişafında müəyyən nisbi müstəqilliyə baxmayaraq, bədii şüurun inkişafında ümumi, təkrarlanan cəhətləri məhz sosial-tarixi və ictimai-iqtisadi prosesin ümumi qanunauyğunluqları şərtləndirir.