Karoy Koş
Karoy Koş (mac. Károly Kós; 16 dekabr 1883[…], Timişoara, Avstriya-Macarıstan – 24 avqust 1977[…], Kluj-Napoka, Rumıniya Sosialist Respublikası) — Transilvaniya macarlarından olan Avstriya-Macarıstan və Rumıniya memarı, yazıçısı, redaktoru, illüstrator, müəllimi, professoru, etnoloqu və siyasətçisi.
== Həyatı ==
Karoy Koş 16 dekabr 1883-cü il tarixində Avstriya-Macarıstanın Temeşvar şəhərində (indiki Rumıniyanın Timişoara şəhəri) anadan olmuşdur. Dörd övladlı bir ailənin yeganə oğlu olan Karoy Koş orta təhsilini Koloşvar şəhərində (indiki Kluj-Napoka) bir kalvinist kollecində, ali təhsilini isə Budapeşt Universitetində mühəndislik üzrə almışdır. Karoy Koş daha sonra memarlıqla maraqlanmış, 1907-ci ildə Budapeşt Memarlıq Məktəbindən məzun olmuşdur. O, təhsil aldığı dövrdə və karyerasının ilk illərində tarixi və ənənəvi xalq memarlığı ilə maraqlanırdı. Buna görə də o, Kalotaseq regionuna və Sekey diyarına tədqiqat məqsədli səyahətlər etmişdir.
1909-cu ildə Karoy Koşun Zebegen qəsəbəsində bir Roma-Katolik kilsəsi, Obudada bir kalvinist kilsəsi, 1910-cu ildə isə Budapeşt Zooparkı layihəsi təsdiq edilmişdir. 1910-cu illərdə o, Koloşvar şəhərində kalvinist kilsəsi və Şepşisentdyörd şəhərində (indiki Sfıntu-George) bir xəstəxana layihələri üzrə işləmişdir. Bu dövrdə onun memarlıq üslubuna Vyana ayrılması və art-nuvo böyük təsir göstərmişdir.