Məbud İsmayılzadə
Məbud İbrahim oğlu İsmayılzadə (24 mart 1924, Zərdab rayonu – 17 sentyabr 2004, Bakı) – Tanınmış mədəniyyət işçisi, teatr təşkilatçısı, teatr rejissoru, ssenarist. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1979).
== Həyatı ==
Məbud İsmayılzadə 1927-ci ilin mart ayının 24-də Zərdab rayonunda dünyaya gəlib.
Məbud İsmayılzadə ilk əmək fəaliyyətinə 1942-ci ildə, on altı yaşında həmin vaxtlar Zərdabda fəaliyyət göstərən Dövlət Dram Teatrında başlayıb. Teatr sənətinə böyük maraq, onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə institutun rejissorluq fakültəsini bitirib, elə həmin il Respublika Xalq Yaradıcılığı Evinin direktoru təyin olunub. Bu təşkilata rəhbərlik etdiyi 20 il müddətində Məbud müəllim "Çinar", "Şur" kimi məşhur kollektivlərin, 30-dan çox Xalq teatrının yaranmasının, respublika miqyaslı bayram şənliklərinin, festivalların, müsabiqələrin keçirilməsinin fəal təşkilatçılarından biri olub.
1954-cü ildə minlərlə həvəskar ifaçıların iştirak etdiyi ilk teatrlaşdırılmış "Xalq yaradıcılığı bayramı"nın, 1955-ci ildə keçirilən Respublika bədii özfəaliyyət baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı, 1959-cu ildə Moskvada keçirilən "Azərbaycan mədəniyyəti ongünlüyü" çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da məhz M. İsmayılzadə olmuşdu. Bu tədbirlər özünün rəngarəngliyinə, rejissor yozumuna görə də böyük tamaşaçı marağı qazanmışdı.
1972–1973-cü illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyinin Abidələrin və muzeylərin qorunması idarəsinin rəis müavini vəzifəsində çalışıb.