Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980).
== Həyatı ==
Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur.
Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957).
İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.