Bəzəktoxum mahmızçiçəyi
Bəzəktoxum mahmızçiçəyi (lat. Delphinium dictyocarpum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin mahmızçiçək cinsinə aid bitki növü.
== Botaniki xarakteristikası ==
Çoxillik ot bitkisi olub,hündürlüyü 60-100 sm-ə bərabərdir. Yarpaqları növbəli, uzunsaplaqlı, dairəvi-böyrəkşəkilli, uzunluğu 5-10 sm, eni isə 6-13 sm, dişli-yarılmış, 5-7 rombşəkilli, çılpaq və ya seyrək tükcüklüdür. Çiçəkləri sıxlaşmış çoxçiçəkli fırçalı olub, uzunluğu 40 sm-ə qədərdir. Çiçəkləri qeyri-düzgün, kasacığı tacvarı, 5 tünd-göy yarpaqcıqlı, yuxarı yarpaqları əsasından tam mahmızlaşmış, zeh əmələ gətirmişdir. Ləçəkləri qısa kasa yarpağından nektarlıqdan, mahmızdan ibarət hamar, ağımtıl, bükük və yarısına qədər yarılmışdır. Erkəkcikləri çoxdur. Meyvəsi çoxyarpaqlı, üç çoxtoxumlu yarpaqcıqlardan ibarət, uzunluğu 1 sm-ə qədər olub, yarpaqcıqları dimdiklidir. İyun-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.