Mitsuko Mori
Mitsuko Mori (森 光子, Mori Mitsuko, 9 may 1920 və ya 9 may 1923, Kioto – 10 noyabr 2012, Tokio[d]) və ya əsl adı ilə Mitsu Murakami (村上美津, Murakami Mitsu) – Yaponiya aktrisası və müğənnisi. O, "Yaponiya şou-biznesinin anası" hesab olunur və 2009-cu ildə Yaponiyada "Xalqın fəxri" mükafatına layiq görülmüş ilk aktrisa olmuşdur.
Mitsu Murakami 9 may 1920-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kino aktrisası kimi ilk çıxışı 14 yaşında bir tarixi dram filmində baş tutmuşdur. Vokalist bacarığı ilə tanınan Mitsuko 1941-ci ildə Tokioya köçmüş və caz müğənnisi kimi çıxış etməyə başlamışdır. 1940-cı illərdə Yaponiya, Çin və Cənub-Şərqi Asiyada konsertlər vermişdir.
Mitsuko 1952-ci ildə radio vasitəsilə bütün ölkədə yayımlanan bir komediya səhnə tamaşasında çıxış etmiş və Yaponiyada tanınan aktrisalardan birinə çevrilmişdir. "Bu dövrdür" kimi teleseriallarda rol almış, tabloid televerişlərin aparıcısı olmuş, bir çox televerilişdə qonaq qismində iştirak etmişdir. 1961-ci ildə Fumiko Hayaşinin avtobioqrafik romanına əsaslanan "Horoki" (放浪記, "Bir səyahətçinin dəftərçəsi") adlı səhnə tamaşasında debüt etmişdir. O, 2009-cu ilə qədər bu tamaşada 2017 dəfə çıxış etmiş və bu tamaşada 2000 dəfədən çox çıxış etmiş ilk şəxs olmuşdur.