Mon (simvol)
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu.
Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.