Qırmızı monastır (Kəlbəcər)
Qırmızı monastır və ya Müqəddəs Qriqor monastırı – Kəlbəcər rayonunun Qozlu kəndindən 3 km aralıda, sıldırım qayalıqlı yüksək ərazidə, üç tərəfdən sərt enişlə əhatə olunmuş meşənin içində yerləşən tarixi monastır. Qırmızı monastır Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yerli əhəmiyyətli abidə kimi qeydiyyata alınmışdır.
== Tarixi ==
Qırmızı monastır ərazisi epiqrafik yazılarla zəngindir. Monastır ərazisindəki kitabələrdən on səkkizi müxtəlif dövrlərdə erməni tədqiqatçılar tərəfindən oxunmuş və nəşr edilmişdir.Kitabələr kilsə və narteksin divarlarına toxunmuş xüsusi daş lövhələrdə, həmçinin portal timpanlarında və xaçdaşlarda qeydə alınmışdır. Həmin kitabələr abidənin ina tarixi ilə bağlı məlumat verməklə yanaşı, həm də özündə Yuxarı Xaçın knyazlarının qarşılıqlı münasibətləri, ərazinin sosial-iqtisadi və siyasi mühiti haqqında dəyərli informasiyaları saxlayır.Abidənin inşa kitabəsi 16 sətirdən ibarət olmaqla, ensiz uzun daş üzərində yazılmış və əsas kilsə binasının şimal divarına hörülmüşdür. Kitabədə deyilir: “673-cü ilin yayında (miladi 1224) mən, Vaxtanqın oğlu, Həsənin qardaşı bu kilsəni tikdirdim və Çakedə saldırdığım bağla birlikdə oğlum Qriqorun xidmətinə verdim ki, ruhumu xilas edim.” Kilsənin cənub divarına hörülmüş ikinci inşaat kitabəsində isə kilsənin başqa bir tarixdə və başqa bir sifariş əsasında tikildiyi göstərilir. 13 sətirlik həmin kitabədə deyilir: “708-ci ilin yayında (miladi 1259) mən, ter Qriqor, Amaras yepiskopu, müqəddəs qardaşlığa qoşuldum və kilsəni inşa etmiş vardapetə (orta əsrlərdə memarlar üçün fəxri titul) ödəniş etdim. Monastırın rahibi ter Qriqores...” Ş.Mkrtçyan qeyd edir ki, kilsənin 35 il sonra yenidən “tikilməsi” onu göstərir ki, məbəd ciddi zədələnmiş və ya o dərəcədə dağılmışdır ki, onu bərpa etdirənlər “tikdirmək” ifadəsini istifadə etməyi üstün tutmuşlar. Tədqiqatçının fikrincə, bu kitabələrdə göstərilən tarixlərin düzgünlüyünə də şübhə ola bilməz: belə ki, birinci kitabəyə əsasən Sakar oğlu Qriqorisi kilsənin xidmətinə verir, ikinci kitabədə isə həmin Qriqoris artıq kilsə rahibi kimi xatırlanır.Mənbələrdə adı Sakar və ya Sakr kimi qeyd edilən şəxs, Zar kəndinin knyaz sülaləsinin rəhbəri olmuşdur. Monastır ərazisindəki xaçdaşlardan biri üzərində həkk edilmiş kitabədə isə həm abidənin adı (Müqəddəs Qriqor monastırı) qeyd edilir, həm də Sakarın monastıra bəxşişlərindən bəhz olunur.Ş. Mkrtıçyanın fikrincə kitabədə öz adını “vardapet” (ustad) titulu ilə əvəz etməsinə görə, kilsəni inşa edən memarın məşhur sənətkar olduğunu düşünmək olar.