is. [
ər. ]
1. Zəhmət, əziyyət, qayğı, ağırlıq, dərdi-sər. Möhnəti artmaq.
– Böyükxanım:] Qulamxan, bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin belinə. M.S.Ordubadi.
□ Möhnət çəkmək – əziyyət çəkmək, zəhmət içində olmaq; dərdi-sər çəkmək.
2. Dərd, qəm, qüssə, kədər. Aclıq bir il gedər, möhnət min il. (
Ata. sözü ).
Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana. Füzuli.
Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif.
Əfsus, nə şadlıq, nə qəm və möhnət; Açmaz o gözləri dübarə heç vaxt. A.Səhhət.
Dedim öz-özümə: – Heç kəs dünyada; Görməsin üzünü möhnətin, qəmin. H.Arif.
□ Möhnətə salmaq – qəmə-qüssəyə, kədərə düçar etmək.
Zəmanə saldı əcəb möhnətü məlalə məni. X.Natəvan.
[Afət:] Baş hərəmlik məni saldı möhnətə; Həsrətəm atəşin bir məhəbbətə. M.Rahim.
// Müsibət, bəla, afət.
Mən aşıq mənə sarı; Baxgilən mənə sarı; Hər yerdə möhnət olsa; Üz verər mənə sarı. (Bayatı).
Rövşən etməz, yüz min günəş bərq edə; Bu möhnətə qarələnmiş könlümü. M.V.Vidadi.
Ölkələr fəth edən böyük qeysər; Çoxunu qurtarıb o möhnətdən. A.Şaiq.