1. Üzərində bir idarənin, təşkilatın və ya şəxsin adı həkk olunmuş metal, rezin və s.-dən damğa (bir şeyi təsdiq etmək üçün sənəd, surğuc və s. üzərinə basılır). İdarənin möhrü.
– Yazılı məktuba 20 nəfər imza atıb möhrünü basdı.
[Sona:] Şəhər komandanlığının möhrü basılmış kağızlardır.
// Həmin alətin (damğanın) kağız və s. üzərindəki izi, surəti, şəkli. Arayışın möhrü aydın deyil.
– …Gah paketə baxır, gah markaları, poçtun möhrünü gözdən keçirirdi.
// Hökmdar nişanı, damğası.
[Nüşabə:] Bu Kəyan bayrağı, bu da bir tuğra; Keyqubad möhrü də vurulmuş bura.
2. dan. Müsəlmanların müqəddəs saydıqları Məkkə, Kərbəla, Məşhəd kimi yerlərin torpağından düzəldilən və şiələrin namaz zamanı səcdəyə gedərkən alınlarını söykədikləri quru gil parçası.
[Güldəstə:] İstəyirsən … axşamdan sübhədək başını möhrə döy, ondan bir şey çıxmayacaq.
[Rza:] Atam alnını möhrə qoyub ağlayır, ağlayırdı.