Mübahisəli şəhər (roman)
"Mübahisəli şəhər" –Avropa müqavimət hərəkatı haqqında yazıçı Süleyman Vəliyevin romanıdır. Roman Kerçdə əsir düşən 416-cı Azərbaycan diviziyası əsgərlərinin Müqavimət Hərəkatında iştirakını təsvir edir.
"Mübahisəli şəhər" 1946–1947-ci illərdə, stalinizm vaxtlarda qələmə alınıb, lakin 1948-ci ildə ölkədə başlanan düşmən axtarışları keçmiş hərbi əsirlərin işlərinə yenidən baxılma kampaniyası ilə nəticələnir və 1949-cu ilin yayında Süleyman Vəliyev Sibirin Lena çayı sahillərindəki qızıl mədənlərinin paytaxtı olan Bodaybo şəhərinə sürgün edilir. Beləliklə, romanın çapı dayandırılır. 1957-ci ildə, artıq Bakıya qayıdandan sonra, yazıçının "Mübahisəli şəhər" romanı yazıldıqdan 10 il sonra "Azərbaycan" jurnalında çap olundu, lakin o zaman Yuqoslaviya-SSRİ əlaqələrində soyuqluq yarandığı üçün romanın kitab şəklində çapına icazə verilmədi. Nəticədə, 1962-ci ildə roman Moskvada rus dilində nəşr olundu. Yalnız bundan sonra bu əsər Bakıda da kitab şəklində Azərbaycan dilində çap edilir.
Romanın azərbaycanlı qəhrəmanı Aslan bombardman zamanı düşərgədən qaçır. Faşistlərdən uzaqlaşan kimi, o Triest yaxınlığındakı dağlarda məskən salmış partizanlara qoşulmaq qərarına gəlir. Şəhərdə slovenlər və italyanlardan ibarət olan güclü partizan hərəkatının mövcud olduğunu əsirlər də bilirdilər.