MƏKKƏ

Ərəbistan yarımadasının Hicaz bölgəsində yerləşən qədim bir şəhərdir. Burada müsəlmanların ən müqəddəs məscidi olan Məscidül-Haram və Kəbə evi yerləşir (Quran 3: 96). Rəvayətlərə görə Məkkə şəhərinin tarixi cənnətdən yer üzünə qovulmuş və bu yerlərdə yaşamış ilk insan Adəmdən başlayır. O, Kəbənin yerində ev tikmişdir. Ancaq Nuhun dövründə baş vermiş tufan onu dağıtmışdır. Yenə rəvayətlərə görə bu yerlərin sonrakı tarixi İbrahim peyğəmbərlə bağlıdır. O, həyat yoldaşı Həcəri və oğlu İsmaili bu yerlərə gətirmişdir. Ana və oğul orada susuz qalmış, sonra isə möcüzə baş vermiş, qızmar çöldə Zəmzəm bulağı qaynamağa başlamışdır. Zəmzəmin möcüzəvi qaynamasından sonra bu yerlər yaşayış üçün yararlı olmuşdur. Bir qədər sonra isə o yerlərə Yəməndən Curhum qəbiləsi köçmüşdür. Bundan sonra müasir Məkkənin yerləşdiyi yerlərdə həyat canlanmışdır. Həcərin ölümündən sonra yetkinlik yaşına çatmış İsmail curhumlu bir qızla evlənmişdir. Ancaq, sonra bu qadınla boşanaraq, Curhum qəbiləsinin başçısının qızı ilə evlənmişdir. Bu evlilikdən onun 12 oğlu olmuşdur. Onlar ərəblərin əcdadları hesab edilirlər. Sonra Ərəblər bütün Ərəbistana yayılmışdırlar. Məkkədə isə İsmailin Kidar adlı oğlunun nəsli qalmışdır. Qüreyş qəbiləsi də onlardan gəlir. Rəvayətlərə görə İbrahim peyğəmbər teztez Həcər ilə oğlu İsmailin yanına Məkkəyə gəlirdi. Gəlişlərinin birində o, İsmaillə birlikdə Kəbə evini inşa etmişdir. İsmailin soyu bu torpaqlarda uzun müddət yaşamış, sonra isə o yerlərə Yəməndən Hüzəə qəbiləsi gəlmişdir. Curhumlular onların orada yerləşməsinə icazə verməmişdirlər. Hicrətdən öncə 415-ci ildə (miladi 207-ci ildə) bu qəbilələrin arasında baş vermiş döyüşdə hüzəəlilər qalib gəlmiş, Məkkəni ələ keçirmişdirlər. Hüzəəlilər 300 il boyu şəhərə başçılıq etmişdir. Rəvayətlərə görə onların dövründə İbrahim və İsmaildən gələn adətlər unudulmuş, Məkkədə bütpərəstlik geniş yayılmışdır. Hüzəəlilər çoxlu tanrılara tapınırdılar. Onların baş tanrısı Hubəl o zaman Məkkənin baş tanrısı sayılmış, onun bütü Kəbədə yerləşdirilmişdir. Hicrətdən 182 il öncə (miladi 440-cı ildə) Qüreyş qəbiləsinin başçısı Qüsay hüzəəliləri məğlub edə bilmişdir. Bu uğurdan sonra qüreşlilər şəhərdə nüfuz qazanmışdırlar. Qüsay Məkkədə bərpa işlərini aparmış, şəhərin özünü idarəetmə sistemini yaratmışdır. O zaman həcc, eləcə də başqa dini ayinlərin yerinə yetirilməsi ilə bağlı problemlər həll edilmişdir. Qüsaydan sonra Məkkənin hər hansı bir başçısı olmamışdır. Şəhərin idarə edilməsində bütün nüfuzlu ailələrin nümayəndələri iştirak edirdilər. İslamın ilk dövrlərində şəhəri Darun-Nədva adlanan bir qurum idarə edirdi. Onun işinə 40 yaşına çatmış bütün azad kişilər qatıla bilərdilər. Qüreyşlilər də Hüzəəlilər kimi bütlərə tapınırdılar. O zaman hər il Məkkəyə həccə zəvvarlar gəlirdilər. Kəbədə isə ərəblərin bütləri yerləşdirilmişdir. Qədim məkkəlilərin hər hansı bir hüquq sistemi olmamışdır. Bütün mübahisəli məsələlər müxtəlif qəbilələrin başçılarının hökmləri ilə çözülürdü. Əgər bu yolla məsələ həll edilmirdisə, onda ən nüfuzlu və tanınmış şəhər sakinlərinə müraciət edilirdi. Çıxarılmış hökmlərin icrası mexanizmi də olmamışdır. Çox vaxt sakinlər çıxarılmış hökmlərin tətbiq edilməsi üçün gücə əl atırdılar. Bununla yanaşı, problemlərin çoxunun həll edilməsində falçılara və kahinlərə müraciət edilirdi. İsti və quru iqlim, eləcə də təbii sərvətlərin yoxluğu məkkəliləri ticarətlə məşğul olmağa vadar edirdi. Məkkəyə xüsusən həcc vaxtı çoxlu zəvvarların gəlməsi ticarət üçün əlverişli şərait yaradırdı. Rəvayətlərə görə bir kərə Məkkəni Həbəşistan kralı Əbrəhə işğal etmək istəmiş, ancaq bir möcüzə nəticəsində onun ordusu məhv olmuşdur. Məkkənin tarixində ən önəmli hadisə bu şəhərdə İslamın yaranması və Məhəmməd peyğəmbərin fəaliyyəti olmuşdur. Bundan sonra şəhərin ictimai-siyasi durumu dəyişmişdir. O zamanlar əsrlər boyu öz adətləri ilə yaşayan ərəblərin öyrəncəli həyat tərzi dərin böhranda idi. Buna görə də, müsəlmanlarla öyrəncəli həyat tərzinin saxlanılmasını istəyən mühafizəkar məkkəlilər arasında qarşıdurmalar baş vermişdir. Məhəmməd peyğəmbər və onun ilk davamçıları ağır təqiblərə uğramışdırlar. Bu təqiblərdən qurtarmaq üçün onların bir qismi Həbəşistana hicrət edərək orada sığınacaq tapmışdırlar. Bundan 13 ilə yaxın müddət keçdikdən sonra müsəlmanların çoxu Məkkədən Mədinəyə hicrət etmiş, orada yerli əhali ilə birlikdə ilk müsəlman cəmiyyətini yaratmışdırlar. Bundan sonra məkkəli bütpərəstlərlə mədinəli müsəlmanlar arasında müharibə baş vermişdir. Müsəlmanlar bu savaşda qalib gəlib hicrətin 8-ci ilində Məkkəni ala bilmişdirlər. Məhəmməd peyğəmbər Kəbə evinə girərək oradakı bütün bütləri dağıtmışdır. Məkkə islamlaşdıqdan sonra onun siyasi əhəmiyyəti kiçilmişdir. Məhəmməd peyğəmbərin ölümü, müsəlman torpaqlarının genişlənməsindən sonra Məkkə Xilafətin başqa mərkəzlərindən uzaqda yerləşdiyinə görə vilayət şəhərinə çevrilmişdir. Ancaq bununla belə şəhərin dini önəmi artmışdır. Kəbə evinin yerləşdiyi bu şəhər təkcə ərəblərin deyil, bütün dünya müsəlmanlarının dini mərkəzinə çevrilmişdir. Müsəlmanlar ibadətlərin çoxunu üzlərini qiblə olan Kəbəyə çevirərək yerinə yetirirlər. Raşidi və ilk Əməvi xəlifələrinin dövründə Kəbə və onun ətrafında yenidənqurma işləri aparılmışdır. Ancaq ən iri miqyaslı dəyişikliklər Əməvi xəlifəsi Əl-Validin vaxtında edilmişdir. O zaman Kəbənin çevrəsində məscid kompleksi tikilmişdir. Tikintinin gedişi zamanı Məkkəyə Xilafətin müxtəlif bölgələrindən ən yaxşı memarlar və bənnalar gətirilmişdir. Əməvilər dövründə Məkkə Hicazın valilərinə tabe etdirilmişdir. O dövrdə orada müxtəlif hadisələr, silahlı qarşıdurmalar baş verirdi. 64/684-cü ildə Məkkəni xəlifə Yəzid ibn Müaviyənin xəlifəliyinin tanımayan Abdullah ibn Zübeyr öz paytaxtına çevirmişdir. O, Əməvi ordusuna müqavimət göstərə bilmişdir. Döyüşlərin getdiyi vaxt xəlifə Yəzidin öldüyü xəbəri gəlmişdi. Buna görə Əməvi ordusu geri çəkilmişdir. Bundan sonra Abdullah ibn Zübeyr öz hakimiyyətini Xilafətin böyük bir hissəsinə yaya bilmişdir. Buna görə o, xəlifə kimi tanınmış, 10 ildən çox Məkkədən ona beyət etmiş bölgələri idarə etmişdir. Ancaq Dəməşqdə Əbdül-Məlik ibn Mərvan hakimiyyətə gəldikdən sonra Əməvilər yenə güclənmişdirlər. 73/692-ci ildə Həccacın başçılığı altında Əməvi ordusu Məkkəyə doğru irəliləyərək şəhəri ala bilmişdir. Abdullah ibn Zübeyr bu döyüşdə həlak olmuşdur. 129/747-ci ildə isə Məkkəni Yəməndən gəlmiş xaricilər ələ keçirmişdirlər. Ancaq həmin ildə Əməviləri devirmiş Abbasilərin qoşunu şəhəri azad edə bilmişdirlər. Bundan sonra 132/750-ci ildən 349/961-ci ilə qədər Məkkəni Abbasi xəlifələrinin təyin etdiyi başçılar idarə etmişdirlər. 303/916-cı ildən başlayaraq Ərəbistan yarımadasında Məkkəyə gedən bütün yolları qərmətilər kəsmişdirlər. Onlar bura zəvvarları buraxmırdılar. 317/930-cu ildə qərmətilər Мəkkəni ələ keçirərək Kəbədəki HəcərülƏsvəd daşını şəhərdən çıxarıb özləri ilə aparmışdılar. Bir müddət keçdikdən sonra onlar daşı parçalanmış halda geri qaytarmışdırlar. 357/968-ci ildə Məkkə Fatimi xəlifələrinin nəzarəti altına keçmişdir. O zamandan başlayaraq şəhər Həsən ibn Əlinin soyundan olan “şəriflər” idarə edirdilər. Şəriflər müstəqilliyə can atdığı üçün onların Fatimilərlə qarşıdurmaları olmuşdur. 922/1517-ci ildə Hicazı türk sultanı I Səlim Yavuz ələ keçirib Osmanlı imperiyasının tərkibinə qatmışdır. Türk sultanları Məkkə şəriflərinin nüfuzunu saxlamış, onları özlərinə tabe etdirmişdirlər. Osmanlıların dövründə şəhərdə və Məscidül- Haramda tikinti və təmir işləri aparılmışdır. 1218/1803-cü ildə Məkkəni vəhhabilər ələ keçirmişdirlər. Ərəbistanda hakimiyyətini bərpa üçün türk sultanı II Mahmud Misir valisi Məhəmməd Əliyə müraciət etmişdir. O da 1228/1813-cü ildə Məkkəni geri qaytara bilmişdir. Birinci dünya müharibəsi zamanı ingilislərdən dəstək alan Məkkə şərifi Hüseyn Osmanlı sultanına tabe olmaqdan imtina etmişdir. 1344/1926-cı ildə Əl-Səud sülaləsinin məliki Əbdül-Əziz Məkkəni ələ keçirmişdir. Səudiyyəlilər Məkkədə təmirtikinti işləri aparmış, burada yeni binaları ucaltmış, qonaq evlərini tikmiş, yollar salmış, müasir infrastrukturu qurmuşdurlar. Məscidül-Haramda, eləcə də başqa dini obyektlərdə də yenidənqurma işləri aparılmışdır.
MƏHŞƏR
MƏKRUH
OBASTAN VİKİ
Məkkə
Məkkə (مكة) — Səudiyyə Ərəbistanında bir şəhər. Tam adı Məkkə Əl-Mükərrimə olan şəhər Səudiyyə Ərəbistanı Krallığının Qərbində Mədinə və Taif şəhərləri arasında yerləşmışdır. Ərəb dilində Mərkəz mənasını daşıyan şəhər Ummul Qura, Beyt ul-Əmin, Bəkkə kimi də qeyd olunur. Məkkəni daha çox məşhur edən orada yerləşən Kəbə evidir. Qurani Kərimdə Allah Təlanın evi adlandırılan Kəbə İbrahim peyğəmbər tərəfindən ilk dəfə tikildiyi bildirilir. Bu gün bütün dünyada namaz qılan və dua edən müsəlmanlar üzlərini məhz Qibləyə yəni Məkkə şəhərində yerləşən Kəbə evinə (Bəkkə) tərəf tuturlar. Məkkə şəhəriində 1700000 insan yaşayır. Həcc ziyarəti zamanı şəhərin əhalisi dəfələrlə artır. Səudiyyə Ərəbistanı kralı Məkkə və Mədinə şəhərlərinin müdafiəçisi sayılır. Qeyri-müsəlmanların şəhərə daxil olması qadağandır.
Məkkə məscidi
Məkkə məscidi — Heydərabadda, Pəncabdakı ən qədim məscidlərdəndir. Həmçinin o, Hindistanın ən böyük məscidlərindəndir. Məkkə məscidi Heydərabadın qədim irsinə daxildir. Məhəmməd Qulu Qütb Şah “Qütb şahilər” nəslinin 5-ci hökmdarı olmuşdur. Onun təşəbbüsü ilə Məkkədən daşlar gətirilir və məscidin inşasına başlanır. Sonradan məscidə Şahın adı verilir. Məscid binası Şahın saldıracağı şəhərin mərkəzində olacaqdı. Məkkə məscidi şahın elə öz hakimiyyəti dövründə də inşa edilir. Üç tağlı fasad tək parça qranitdən yonulub. Onun hazırlanması 5 il vaxt alıb.
Məkkə teli
Məkkə çayı
Məkkə Şərifliyi
Məkkə şərifliyi (ərəb. شريف مكة‎) və yaxud Hicaz şərifliyi — 968-ci ildən 1813-cü ilə qədər Ərəbistan yarımadasında mövcud olmuş dövlət. 1517-ci ildən etibarən Osmanlı İmperiyasının tərkibinə daxil olmuş, ancaq müstəqilliyini tam itirməmişdi. Osmanlı imperiyasının tərkibində olan Osmanlı Ərəbistanı torpaqlarında öz muxtariyyətlərini qoruyub saxlamışdılar. Məkkə şərifliyi bir qayda olaraq Məhəmməd Peyğəmbərin nəvəsi Həsən bin Əlinin nəsli tərəfindən idarə edilirdi. 1517-ci ildə bölgə Osmanlılar tərəfindən işğal edilir. Ancaq, Osmanlılar şəriflərin hakimiyyətinə toxunmadılar. Osmanlı İmperiyasının zəifləməsi ilə Hicaz, Nəcd və Ərəbistanın digər bölgələrində Vəhhabilər müstəqilləşməyə meyl göstərdilər. Misir hakimi Qavalalı Mehmed Ali Paşanın oğlu Əhməd Tosun Paşa 1813-cü ildə Hicaza təşkil etdiyi hücumda vəhhabiləri məğlub edir və bölgəni Osmanlılar adına idarə edir. 1845-ci ildə Osmanlı hökuməti Hicaz şərifliyini ləğv etdirir.
Məkkə döyüşü (1813)
Məkkənin Osmanlı İmperiyasına qaytarılması, Məkkə döyüşü (türk. Mekke'nin Osmanlıya Dönüşü) — Osmanlı-Səudiyyə müharibəsi dövründə Ciddə ələ keçirildikdən bir neçə gün sonra baş verən döyüş. Birinci Səudiyyə dövlətinin ordusu və Məkkədə olan 1000 şəxs Kavalalı Mehmed Əli Paşaya və Tusun Paşaya təslim oldu. Beləcə, Məkkə yenidən Osmanlı İmperiyasının tərkibinə qatıldı. Facey, William & Grant, Gllian: Saudi Arabia by the First Photographers . ISBN 0-905743-74-1 Captain G. S. Froster : 'A trip Across the Peninsula – Rehla Abr Al-Jazeera, (Arabic). Mombai – India, 1866.
Məkkə döyüşü (1916)
Məkkə döyüşü (ərəb. معركة مكة المكرمة‎, türk. Mekke Savaşı) — 1916-cı ildə Haşimilər sülaləsinin qurucusu olan, Məkkə şərifi Şərif Hüseynin rəhbərlik etdiyi Osmanlı qüvvələri ilə Hicaz-Ərəb üsyançı qüvvələri arasında olmuş döyüş. Məkkə döyüşü Birinci Dünya Müharibəsinin bir hissəsi olan Ərəb üsyanının bir hissəsidir. Məkkə şərifi Şərif Hüseyn, Ədəndən Hələbə qədər uzanan vahid bir ərəb dövləti qurmağı planlaşdırırdı. Bu məqsədlə o, Britaniyalılardan kömək istədi. 1916-cı ilin iyun ayının əvvəlində Osmanlı ordusunun əksər hissəsi Hicazın valisi Qalib Paşa ilə Ərəbistanın bir təpə stansiyası olan Taif şəhərinə getmişdi. Məkkəni müdafiə etmək üçün yalnız 1,000 əsgər qalmışdı. İyunun 10-da Məkkə şərifi Hüseyn ibn Əli, Ərəb üsyanının başladığı bildirmək üçün Haşimilər sarayının pəncərəsindən havaya atəş açdığı zaman, əsgərlərin əksəriyyəti vadidə baraklarda yatmışdı. Bu eşidən 5,000 ərəb, türk qoşunlarına atəş açmağa başladı.
Məkkə çayı (bitki)
Məkkə çayı (içki)
Məkkədə kran aşması
Məkkədə kran aşması — Səudiyyə Ərəbstanının Məkkə şəhərində Kəbə yaxınlığında tikinti işlərinin getdiyi Matəf adlı sahədə qaldırıcı kranın aşması hadisəsi. Qeyd olunur ki, kran Bin-Ladenin ailəsinin şirkətinə mənsub olub. İran-İran İslam Respublikasının prezidenti Həsən Ruhani "Məkkədə kran aşması" hadisəsində şəhid olanların ailələrinə baş sağlığı yolladı.Ruhaninin baş sağlığında deyilir: "Qəzada dünyasını dəyişənlərə Allahdan rəhmət,yaxınlarına baş sağlığı,yaralananlara şəfa diləyirəm".Bundan başqa İran İslam Respublikası hər bir yardımı etməyə hazırdı dedi. Türkiyə-Prezident Rəcəb Tayyib Ərdoğan, Səudiyyə kralı Salman bin Əbdüləzizə bir-başa telefonla zəng edərək hadisəyə üzüldüyünü şəhidlərə Allahdan rəhmət və yaralanlara şəfa diləyirəm.
Məkkənin fəthi
Məkkənin fəthi (ərəbcə: فتح مكة‎) — 11 yanvar 630-cu ildə müsəlmanların, Qüreyşlilərin əlindən Məkkəni ələ keçirməsi hadisəsidir. Bir müddət əvvəl müsəlmanlar və Məkkə paqanları ("müşriklər") arasında Hudeybiye Anlaşması imzalanmışdı. Məkkə Qureyşin müttəfiqi olan Bani Bəkir qəbiləsi, bu müqavilənin əksinə olaraq, müsəlmanların himayəsində olan Bani Huzaa qəbiləsinə hücum etdi. Məhəmməd, Məkkəyə öldürülənlərin qan qiymətinin ödənilməsi və ya Bəni Bəkir qəbiləsi ilə ittifaqa son qoyulması lazım olduğunu, əks təqdirdə Hudeybiya müqaviləsinin pozulduğunu və döyüşməyə məcbur olacağını xəbər verdi. Məkkə əhalisi təklifləri rədd edərək müharibəyə hazırlaşacaqlarını elan etdilər.Məkkə müşrikləri sonradan fikirlərini dəyişdirərək Əbu Süfyanı müsəlmanları bir barışığa inandırmaq üçün Mədinəyə göndərdilər. Ancaq danışıqlardan heç bir nəticə alınmadı. Məhəmməd hicrətin 8-ci ilində, 13-cü Ramazan ayında 10 min nəfərlik bir ordu ilə Mədinədən ayrıldı. Məhəmməd ordusunu 4 qola böldü və ordusuna belə bir əmr verdi: "Sizə qarşı çıxmayınca, sizə hücum edilməyəcək, heç kimlə döyüşməyəcəksiniz, kimsəni öldürməyəcəksiniz." Məhəmməd hərəkət etməyi əmr etdi və Fəth surəsini oxuyaraq Məkkəyə daxil oldu. 3 qol heç bir müqavimətlə qarşılaşmadığı halda Xalid bin Vəlidin rəhbərliyindəki 4 qol İkrima bin Əbu Cəhilin rəhbərliyindəki kiçik bir hücumu dəf etdi. Əfv elan olunduğunu və Əbu Süfyana bildirdiyinə görə heç kimə toxunulmayacağını bildirdi.
Məkkəyi Mehmed Əfəndi
Məkkəyi Mehmed Əfəndi (1714, Məkkə, Həbəşistan əyaləti – 1797, Konstantinopol) — Osmanlı alimi, xəttat və şeyxülislamı. Oğlu Mustafa Asım Əfəndi II Mahmud dönəmində 3 dəfə şeyxülislam olmuşdur. 1714-cü ildə Məkkədə dünyaya gəldi. Sarayın anbar bölümündən yetişən və daha sonra Məkkə qazılığına qədər yüksələn Xəlil Əfəndinin oğludur. Ancaq doğulduqdan qısa müddət sonra atasının vəfat etməsi səbəbilə bir neçə aylıq ikən İstanbula gətirildi. Burada təhsilini tamamladıqdan sonra 1735-ci ilin mayında müdərris olaraq xidmətə başladı. 1771-ci ilin iyununda Dəməşq, 1776-cı ilin martında Mədinə, 15 avqust 1784-cü ildə isə İstanbul qazısı təyin edildi. 2 avqust 1785-ci ildə xidmət müddətini tamamlaması səbəbilə vəzifədən alınsa da, Anadolu qazəsgərliyinə namizəd seçildi. 11 fevral 1786-cı ildə namizədi olduğu Anadolu qazəsgərliyinə gətirilən və Rumeli qazəsgərliyinə namizəd seçilən Mehmed Əfəndi 4 aprel 1787-ci ildə Mehmed Sadiq Əfəndinin vəfatı ilə Rumeli qazəsgərliyinə gətirildi. 24 noyabr 1787-ci ildə Müftizadə Əhməd əfəndinin vəzifədən alınmasıyla onun yerinə şeyxülislam oldu.
Məkkəyizadə Mustafa Asım Əfəndi
Məkkəyizadə Mustafa Asım Əfəndi (1762, Konstantinopol – 19 noyabr 1846, Konstantinopol) — Osmanlı dövlət xadimi, müdərris, qazı və şeyxülislam. 1762-ci ildə İstanbulda dünyaya gəlmişdir. Atası I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuş Məkkəyi Mehmed Əfəndidir. Atasından və dönəmin digər alimlərindən dərslər aldıqdan sonra 1785-ci ildə müdərris oldu. Bir çox mədrəsələrdə xidmət göstərdikdən sonra 1797-ci ildə Qalata qazılığına, 1809-cu ildə isə İstanbul qazılığına təyin edildi. Ardından 1812-ci ildə Rumeli qazəsgəri və 27 yanvar 1818-ci ildə şeyxülislamlığa yüksəldi. Ancaq bu ilk şeyxülislamlığı əsnasında sultana yaxınlığı ilə seçilən Halət Əfəndidən çəkinməsi səbəbilə rahat fəaliyyət göstərə bilməmiş, nəticədə 3 sentyabr 1819-cu ildə vəzifədən alınmışdır. 25 sentyabr 1823-cü ildə ikinci dəfə şeyxülislam seçilsə də, yeniçəri ocağını ləğv etmək istəyən Sultan Mahmud bu vəzifədə daha sərt və güclü xarakterli bir şeyxülislam görmək istəyirdi. Nəticədə Mustafa Asım Əfəndi orduya yaxınlığı səbəb göstərilərək 26 noyabr 1825-ci ildə vəzifədən alındı. 13 il davam edən üçüncü şeyxülislamlığına 8 fevral 1833-cü ildə gətirildi.

Digər lüğətlərdə