Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti (Azərbaycan)
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti-Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin strukturuna daxildir.
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti (XHQXX) Fövqəladə Hallar Nazirliyinin tərkibində önəmli yer tutan qurumlardan biridir. Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin sələfi olan “İxtisaslaşdırılmış Hövzə Qəza-xilasetmə Xidməti” 1959-cu ildən 1991- ci ilə qədər Xəzər Dəniz Gəmiçiliyinin, 1992-2006-cı illərdə isə Azərbaycan Respublikası Nazirlər kabinetinin tərkibində olmaqla dənizdə axtarış-xilasetmə, sualtı-texniki, 1980-cı ildən neft dağılmalarının ləğvi, 1983-cü ildən xilasedici-qoruyucu vasitələrin təmiri,yoxlanılması və sertifikatlaşdırılması işlərini həyata keçirmişdir.Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2006-cı il tarixli 394 nömrəli Fərmanı ilə Xidmət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi strukturunun tərkibinə verilmiş və Fövqəladə Hallar Nazirliyinin 16 may 2008-ci il tarixli 049a nömrəli əmri ilə yenidən təşkil olunaraq, Əsasnaməsi və strukturu təsdiq edilmişdir.
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti Azərbaycan Respublikası ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub sektorunda və digər sularda ərazilərin təbii (geofiziki, geoloji, meteoroloji, dəniz-hidroloji və s.) və texnogen (neft-qaz hasilatı və emalı obyektlərində, quruda və sularda magistral boru kəmərlərində, dəniz və digər nəqliyyat növlərində, hidrotexniki qurğularda qəzalar, yanğınlar, partlayışlar və s.) xarakterli fövqəladə hallardan qorunması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində öz səlahiyyətləri daxilində idarəetmə, əlaqələndirmə və nəzarət üzrə dövlət siyasətinin və tənzimlənməsinin hazırlanmasında iştirak edən və həyata keçirən, habelə quruda və sularda qəzaların baş vermə ehtimalı böyük olduqda, yaxud baş verdikdə neft və neft məhsullarının dağılması ilə əlaqədar yaranmış fövqəladə hallara çevik reaksiya verilməsi, onların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə fəaliyyətin təşkilini, sularda baş vermiş qəza və hadisələr zamanı axtarış-xilasetmə işlərinin həyata keçirilməsini təmin edən bir qurumdur.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidməti bu gün öz fəaliyyətində Azərbaycan Respublikasının qanunlarını, normativ hüquqi aktları, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, o cümlədən Xidmətin Əsasnaməsini, Beynəlxalq Əmniyyətli İdarəetmə Məcəlləsinin tələblərini əsas götürərək dənizdə qəza-xilasetmə, yedək, dalğıc, neft dağılmalarının ləğvi, insanların daşınması, xilasedici-qoruyucu vasitələrə xidmət işlərini həyata keçirir.
Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin fəaliyyəti Beynəlxalq Menecment sisteminin İSO 9001:2008; İSO 14001:2004; OHSAS 18001:2007 beynəlxalq standartlarına uyğun tənzimlənir.
Gəmiçilik
Dağılmış neftin ləğvi
Dalğıc və sualtı texniki işlər
Torpaqsorma və dibdərinləşdirmə işləri
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti keyfiyyət, ekologiya, peşə təhlükəsizliyi və əmək mühafizəsi sahəsində əldə etdiyi uğurlara görə müvafiq sertifikatlara layiq görülmüşdür. Xidmət BP, Fuqro, OSCA Caspian, Saipem kimi xarici şirkətlərin sifarişi ilə dənizdə müxtəlif əməliyyatlar həyata keçirir.
Gəmiçiliklə bağlı əsasən müxtəlif təyinatlı (axtarış-xilasetmə, yedək, dalğıc, yüksək sürətli və s.) gəmilərin istismarını həyata keçirən XHQXX qəza-xilasetmə hazırlığının aparılması, axtarış-xilasetmə işlərinin təşkilini yerinə yetirir. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti baş vermiş qəza hadisələrinin qeydə alınması, tədqiqatı və qəza hallarının qarşısının alınmasına dair tədbirlər planını hazırlayaraq, qəza vəziyyətinə düşmüş gəmilərin kapitanlarına və digər üzən vasitələrin rəhbərlərinə təhlükəsiz üzmə barəsində göstəriş və məsləhətlər verir.