Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur.
== Xüsusiyyətləri ==
Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.