Naibə Məmmədova
Naibə Məmmədova — Azərbaycan kimyaçı alimi, akademik M. Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi.
== Həyatı ==
Naibə Məmmədova 1959-cu il iyulun 30-da Naxçıvan şəhərində anadan olmuşdur. 1977-ci ildə akademik Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Nax. DU) kimya ixtisası üzrə təbiyyat-coğrafiya fakultəsinə qəbul olunmuşdur. İlk elmi işlərini kimyaçı alim Y. Babayevin rəhbərliyi altında T. E. C.- xətti ilə həyata keçirmiş və fəxri fərmanlarla təltif edilmişdir. Naibə Məmmədova akademik Y. Məmmədəli-yev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunu 1981-ci ildə bitirmişdir. 2004–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin "Kimya" kafedrasının dissertantı olmuşdur. O, qalay (IV) sulfid əsasında üçlü birləşmələrin alınması sahəsində tədqiqat işləri aparmışdır. 29 aprel 2011-ci il tarixində AMEA-nın akad. M. Nağıyev adına Kimya Problemləri (indiki Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda fəaliyyət göstərən D 01.021 Dissertasiya Şurasının iclasında "Qeyri-üzvi kimya" ixtisası üzrə "Metal (Ag+, Tl+, Cu+, Pb2+, Cu2+, Cd2+, Fe2+, Co2+, Ni2+) – SnS2-H2O sistemlərindən tiostannatların alınması və fiziki-kimyəvi xassələri" mövzusunda dissertasiya müdafiə etmiş, 2012-ci il 15 fevral tarixində kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2016-cı ildə dosent elmi adını almışdır.