Qeyrət mətbəəsi
"Qeyrət" mətbəəsi — Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin naxçıvanlı tacir Məşədi Ələsgər Bağırzadənin maddi köməkliyi ilə Tiflisdə "Şərqi-Rus" qəzetinin bazasında yaratdıqları mətbəə-nəşriyyatı (1905–11).
1905-ci ilin yanvarında "Şərqi-rus" qəzeti borca düşüb bağlandı və M. Şahtaxtinski redaksiyanın mətbəəsini satışa çıxarmaq qərarına gəldi. Bu elə bir dövr idi ki, ölkəni başdan başa birinci rus inqilabının dalğaları bürümüş, hər yerə yayılmışdı. Xüsusən zəngin tarixi və siyasi mübarizə ənənələri olan Bakı və Tiflis kimi şəhərlərdə fəhlə sinfi öz azadlığı uğrunda üsyana qalxmışdı. Belə bir dövrdə "Şərqi-rus"un bağlanması və onun mətbəəsinin satışa qoyulması Ömər Faiqlə Cəlil Məmmədquluzadənin birgə fəaliyyətinin yeni dövrünə yol açdı, onlar məhz "Rusiya inqilabi hərəkatından doğmuş bir inqilab yavrusu" (Ömər Faiq) olan "Molla Nəsrəddin" kimi jurnalı yaratmağa və dövrün əsas demokratik qüvvələrini onun ətrafına toplayıb, mövcud ictimai quruluşa qarşı atəş açmağa imkan əldə etdilər. Bu barədə Ömər Faiq Nemanzadə öz xatirələrində yazır ki, satışa çıxarılan bu mətbəəni almaq məsləhəti ilə o, Cəlil Məmmədquluzadəyə müraciət etmişdi. Mirzə Cəlil "Məhəmməd ağa pul istəyəcək, ancaq pul nə sən də, nə də ki məndə var" cavabını vermişdi. Ziyalılar mətbəənin maddi tərəfini öz üzərinə götürəcək 3-cü adam axtarışına çıxdılar. Ömər Faiq yazırdı ki, 3-cü adamı qabaqca ziyalılar arasında axtarmağa çalışsaq da, tapa bilmədik. Çünki ziyalılarda pul, pullarda ziya yox idi.