Nil Kempbel
Nil Kempbel (ing. Neil Campbell; 17 aprel 1946, Kalver-Siti[d], Kaliforniya – 21 oktyabr 2004, Redlends[d], Kaliforniya) — ilk dəfə 1987-ci ildə və daha sonra dəfələrlə çap olunmuş "Biologiya" dərsliyi ilə tanınan, amerikalı bioloq, alim. Bu dərslik dünyadakı 700.000-dən çox yuxarı sinif şagirdi və universitet tələbəsi tərəfindən istifadə olunub.
Nil Kempbel 17 aprel 1946-cı ildə Kalver-Siti şəhərində anadan olub. Zoologiya üzrə magistr dərəcəsini Los-Anceles Kaliforniya Universitetində müdafiə etmiş, doktorluq dərəcəsini isə bitkilərin botanikası mövzusunda Riversayd Kaliforniya Universitetində müdafiə edib. 30 ildən artıq Kornell Universitetinin, Pomona Kollecinin, Riversayd Kaliforniya Universitetinin, San Bernardinyo Valli Kollecinin auditoriyalarında dərs deyib.
Kempbel bir sıra mükatlara layiq görülüb: 2001-ci ildə Riversayd Kaliforniya Universiteti tərəfindən Fərqlənən Məzun Mükafatı və 1986-cı ildə San Bernardinyo Valli Kolleci tərəfəfindən ilk dəfə verilən Görkəmli Professor Mükafatı.
Kempbel, həmçinin, sahil və səhra bitkilərini öyrənən tədqiqatçı idi. O, müəyyən bitkilərin müxtəlif duzluluq, temperatur və pH göstəricilərinə sahib mühitlərdə özlərini necə uyğunlaşdırması ilə bağlı tədqiqata rəhbərlik etmişdir. Əlavə olaraq, o, Mimoza bitkisi və digər paxlakimilərin öyrənilməsi ilə bağlı araşdırmalara da rəhbərlik etmişdir.