Nəşri-maarif
"Nəşri-maarif" və ya "Nəşri-savad və maarif" — Azərbaycanda mədəni-maarif işləri sahəsində fəaliyyət göstərmiş xeyriyyə cəmiyyəti.
== Tarixi ==
Fəaliyyətinin ilk mərhələsində "Bakı quberniyası müsəlman əhalisi arasında savadı artıran cəmiyyət" də adlandırılır. İlk nizamnamə layihəsi 1906-cı il avqustun 1-də təsdiq olunmuş, 1912-ci il oktyabrın 19-da bəzi əlavələr və dəyişikliklərlə ikinci dəfə qeydiyyatdan keçmişdir. Təsisçiləri İsmayıl bəy Səfərəliyev, Həsənağa Həsənov, Məmmədhəsən Hacınski, Əsədulla Əhmədov, Ağahüseyn Tağıyev, Əliağa Həsənov və Həsən Mustafayev idilər. "Nəşri-maarif"in idarə heyətinə 1906-cı il noyabrın 24-də keçirilən ilk seçkilərdə cəmiyyətin tərkibinə Hacı Zeynalabdin Tağıyev (sədr), Məmmədhəsən Hacınski (sədr müavini), Ə.Ə.Əmircanov, H.Məlikov, M.Ə.Nəzirov (təftiş komissiyası), Ə.Ağayev, Ə.İ.Cəfərov, M.Əfəndiyev (katiblik), A.Tağıyev (xəzinədar) və 14 nəfərdən, o cümlədən İ.Məlikov, M.Muxtarov, Ə.Həsənov, Ə.Əhmədov, İ.Aşurbəyov, Q.Qarabəyli və başqalarından ibarət idarə heyəti, fəxri və ömürlük üzvlər (H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev, M.Muxtarov, Y. Dadaşov və A.Tağıyev) seçildilər.
"Nəşri-maarif"in əsas məqsədi müsəlman əhalisi arasında Azərbaycan türkcəsində savadın yayılması idi. Cəmiyyətin müxtəlif illərdə Qubada, Göyçayda, Astarada, Bankə bölgəsində, Ağdaşda, Qaryagində (indiki Füzuli rayonu), Şuşada, Gəncədə, habelə Həştərxan quberniyasında, Saratovda, Moskvada, Türkiyədə, Rumıniyada şöbələri açılmışdı.
Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək "Nəşri-maarif"in Bakı şəhərində və onun kəndlərində 20 məktəbi fəaliyyət göstərmişdir. Onlardan ikisi qız məktəbi (Balaxanıda və Zabratda) idi. Bütün məktəblərdə təhsil pulsuz idi və şagirdlər pulsuz dərs ləvazimatı və geyimlə təmin olunurdular.