Azad (opera)
== Tarixi ==
=== Mənbə və mövzular ===
Cahangir Cahangirovun "Azad" operası yazıçı Mirzə İbrahimovun 1940-cı illərdə qələmə aldığı İran Azərbaycanında olan kəndli həyatında baş verən hadisələrdən bəhs edən "Gələcək gün" romanı və "Azad qız" povestinin motivləri əsasında yazılmışdır. Opera bu əsərlərin motivlərini özündə təcəssüm etdirir. Cənubi Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda məzlum xalqların mübarizəsi bu operada öz əksini tapmışdır.Mirzə İbrahimovun "Gələcək gün" romanı və "Azad qız" povestinin əsas ideyasını mülkədarların hakimiyyəti altında olan xalqın mübarizəsi təşkil edir. Əsərlərdə mübarizə mövzusu ilə kəndli Xəlil dayının ailəsindəki hadisələr bir-birinə qarışır, qızı Səciyyənin kədərli taleyi təsvir olunur. Səriyyə və onun nişanlısı Ayazın lirik taleyi əsərlərdə mühüm yer tutur. Bu tale yolların əlaqəsi, onların yanaşı mövcudluğu iki janrın, iki başlanğıcın – epik-qəhrəmanlıq və dramatik-lirik janrların uyğunluğundan, son illərin bir çox əsərlərinə səciyyəvi olan janr sintetizmindən xəbər vermişdir.Mirzə İbrahimovun "Gələcək gün" romanının mövzusunda İkinci Dünya müharibəsi ərəfəsi və müharibənin ilk ayları Cənubi Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələr geniş epik lövhələrdə, fikri dərinliklə və ustalıqla təsvir olunur.Müstəbid Rza şah hakimiyyətinin son dövrü ölkədə ingilis-amerikan imperialistlərinin ağalığı, yerli hakimlərin özbaşınalığı və xəyanəti, yoxsul kəndlilərin ağır, dözülməz həyatı, əsarətə və zülmə qarşı mübarizəsi təsirli, real hadisələr əsasında canlanır. Əsərin qəhrəmanı Firudinin məfkurəvi təkamülü, gərgin mübarizədə yetkinləşməsi ictimai-siyasi həyatın burulğanı fonunda
inandırıcı verilir. Yazıçı milli demokratik hərəkatın güclənməsi səbəblərini açır, Kərim xan Azadi, Kürd Əhməd, Rza Qəhrəmani kimi saf, yenilməz, mərd inqilabçıların ədalətli mübarizəsinə möhkəm inam oyadır. Əsərdə Səttar xan və Şeyx Məhəmməd Xiyabaninin inqilabi ənənələrini mürəkkəb şəraitdə öz əməllərində yaşadan fars, kürd və azərbaycanlı gənclərin yeni həyat uğrunda əlbir mübarizəsi əsərin tərbiyəvi təsirini və ictimai dəyərini artırır. Ədib romanda Firudin, Sərtib Səlimi, Musa kişi, Hikmət İsfahani kimi bədii surətlər qalereyası yaratmışdır.