Ovmaq feili ilə qohumdur, “ovuq (çökək) yer” deməkdir. Əlin içinin çökəkliyi ilə bağlıdır, ovuq kəlməsi ilə kökdaşdır (rus dilində də belədir: ладонь sözü долина ilə kökdaşdır). Çox maraqlı bir haldır ki, bəzi sözlər etimoloji baxımdan dillərin çoxunda eyni məna ilə bağlıdır. Bu, təsadüfdürmü, dillərin əlaqəsidirmi? Hər halda burada bir qanunauyğunluq var, üzərində düşünülməli problemlərdəndir. Bizdə sinonim olan ovuc və aya sözləri var (aya indi az işlədilir, əsasən, dialektlərdə qalıb və maya şəklinə düşüb). Ovuc kəlməsi mənbələrdə ovut, adut, azut kimi də qeydə alınıb. Ehtimal ki, “əzmək” mənası ilə daha çox bağlı olub (indi də ovcumuzda nəyisə əzirik). Umac (əsli: ovmac) sözü də ovuc kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)