Azərbaycan milli oyanışı
Azərbaycan milli oyanışı və ya Azərbaycan mədəni renessans dövrü — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində yaşayan azərbaycanlıların milli fikrinin formalaşması və mədəniyyətinin çiçəklənməsi prosesi. Bu dövr üçün maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı, Qərb dəyərləri və təşkilatlarının Azərbaycanda tətbiqi xarakterikdir.Beləliklə, Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkə olmuş, Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlət kimi tarixə düşmüşdür. Maarifçilik dövrünün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular.
== Erkən dövr ==
Qarabağ xanlığı vəziri Molla Pənah Vaqifin şərəfinə adlandırılmış Vaqif məclisi Azərbaycan dilində şeir yazılması və oxunması ilə məşhur idi. Dünya ədəbiyyatı professoru Anna Oldfild hesab edir ki, bu, "yüksələn Azərbaycan milli şüurunun" göstəricisi idi və Vaqif məclisində iştirak edən Aşıq Pəri də "öz ana dilini və poetik ənənələrini müdafiə edənlər sırasında" idi.
== Əsas dövr ==
=== Maarifçilik hərəkatı və mədəniyyətin inkişafı ===
XIX əsr maarifçiləri Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə elm və maarifləndirmə yolu ilə Azərbaycanda mövcud olan mədəni geriliyinin qarşını ala biləcəklərinə inanırdılar. XIX əsrin 70–80-ci illərində müxtəlif inqilab nəzəriyyələrinin Azərbaycanda sosial-siyasi fikirlərə təsir etməsi, kapitalizmin inkişafının milli ziyalı təbəqənin yaranması üçün şərait yaratması nəticəsində təhsil və mədəniyyət fəaliyyətlərinə, xeyriyyə cəmiyyətlərinə, mətbuat və çap evlərinə dəstək artmışdır. Azərbaycan ziyalıları getdikcə milli yaddaşın daşıyıcısı hesab edilən jurnal və qəzetlərin, "Nicat", "Səfa", "Ədəb yurdu", "Nəşri-Maarif", "Cəmiyəti-Xeyriyə" kimi cəmiyyətlərin və dərnəklərin ətrafında toplaşmağa başladı. İlk oxu otaqları 1894-cü ildə Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən Bakıda açılmışdır.Bu dövrün ən vacib hadisələri milli teatrın, mətbuatın və müasir tipli məktəbin əsasının qoyulması idi. 1873-cü ildə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun başçılıq etdiyi teatr truppası "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və "Sərgüzəşti Mərdi-Xəsis" tamaşalarını sərgiləyərək Azərbaycan milli teatrının əsasını qoydu.