Aktiv seçki hüququ
Aktiv seçki hüququ və ya siyasi françayzinq (ing. political franchise) – vətəndaşın milli dövlət hakimiyyəti orqanlarına və yerli idarəetmə orqanlarına seçmək, referendum səsverməsində və demokratiyanın digər formalarının həyata keçirilməsində iştirak hüququ. Bu hüquq ona görə fəal adlandırılır ki, onu vətəndaşın özü öz hərəkətləri ilə reallaşdırmalıdır: bəzən könüllü qeydəalma forması ilə seçki siyahısına daxil edilməli (məsələn, Fransada olduğu kimi), seçki məntəqəsinə özü gəlməli, bülleteni alıb onu doldurmalı, səs vermək istədiyi namizədləri, yaxud siyasi birlikləri (siyahı üzrə səsvermədə) seçərək, bülleteni seçki qutusuna atmalıdır. Aktiv Seçki Hüququ, demək olar ki, bütün dünya ölkələ rində cinsindən, məşğuliyyət növündən, əmlak vəziyyətindən, təhsilindən asılı olmayaraq (bəzi məhdudiyyətləri – yaş senzi, bəzən oturaqlıq senzi və s. nəzərə almaqla) bütün vətəndaşlara məxsusdur. Ümumi qaydaya görə, Aktiv Seçki Hüququna ölkənin öz vətəndaşları malikdirlər; bu, xalq suverenliyinin reallaşması prinsipidir. Ölkənin rəhbər orqanlarını yalnız həmin ölkənin vətəndaşları seçə bilər. 20-ci əsrin sonunda bu qaydadan müəyyən istisnalar ortaya çıxdı. 1993-cü il Maastrixt müqaviləsinə uyğun olaraq, Avropa İttifaqına (Aİ) üzv dövlətlər həmin ittifaqın digər üzv dövlətlərinin onların ərazisində yaşayan vətəndaşlarına yerli idarəetmə orqanlarını seçmək və bu orqanlara seçilmək hüququ vermişdir. Belə ki, Avropa İttifaqı konsepsiyasına uyğun olaraq, yerli idarəetmə orqanları xalq suverenliyinin ifadəçisi deyildir, onlara seçkilər isə inzibati seçkilər kimi nəzərdən keçirilir.