Roma respublikasının mövcudluğunun ilk mərhələsində yüksək dövlət vəzifələrini tuta biləcək tanınmış əsilzadə ailələrinin üzvləri özlərini patrisi adlandırırdılar (latınca “paper”, yəni “ata” sözündən). Dövlət vəzifələri tutmağa layiq olmayan, aztanınan və nüfuzu aşağı olan ailələr isə plebeylər (yəni sadə insanlar) idi.
Plebeylər e.ə. 494-cü ildə qaldırdıqları qiyamdan sonra dövləti patrisilərlə birlikdə idarə etməyə başladılar. İctimai piramidanın ən aşağı pilləsini isə, ümumiyyətlə, heç bir hüquqları olmayan qullar tuturdu. Hakim siniflə qullar arasında mövcud olan nəhəng uçurumu isə azad insan kimi yaşayan romalılar doldururdular. Onların yeganə hüququ səsvermə hüququ idi.
Dövləti idarə eləyənlər hesab edirdilər ki, bu təbəqənin nümayəndələri Roma üçün yeni işçi qüvvəsi və əsgər doğub-törətməkdən başqa heç bir xeyir vermirlər. Onlar, sadəcə, “uşaq istehsal edənlər” (yəni proletariat) idilər.
1848-ci ildə Karl Marks özünün “Kommunist partiyasının manifesti”ndə bu sözü dirçəldərək yaşadığı dövrün aşağı zümrəsinin nümayəndələrinə şamil etdi. Onun fikrincə, bu zümrəni fəhlələr təmsil edirdi. Beləliklə, “proletariat” sözü “fəhlə sinfi” sözünün, “proletar” isə “fəhlə” sözünün sinoniminə çevrildi. “Kommunist partiyasının manifesti” bu sözlərlə bitir: “Bütün ölkələrin proletarları, birləşin!” (Ayzek Azimov. Sözlərin tarixi)