is. 1. Gözlənilən və ya yaxınlaşan bir təhlükə qarşısında hasil olan həyəcan halı, dəhşət, təlaş hissi; hövl, xof. Qorxu hissi. Ölüm qorxusu. Qorxudan əsmək.
– Yazıq şair qorxudan övrət məsələsini fars və ərəb dilində danışır ki, Ordubad qırmızısaqqalları başa düşməsinlər ki, hay-küy salmasınlar. C.Məmmədquluzadə.
Qapının səsi onu [Xavəri] gələcək qorxusu və çörək dərdinin doğurduğu iztirablardan ayırdı. M.İbrahimov.
Qalmamış bu bizim azad diyarda; Nə zindan qorxusu, nə çörək dərdi. S.Vurğun.
// Həyəcan, iztirab, təşviş, təlaş.
Onların məsum gözlərindən qorxu süzülüb tökülürdü. M.S.Ordubadi.
Şəmsiyyənin utandığından və qorxusundan bütün bədəninə soyuq bir tər gəldi. M.İbrahimov.
İnsan qorxu deyil, qardaşlıq duyur; Körpələr beşikdə rahat uyuyur. S.Vurğun.
□ Qorxuya düşmək – təşvişə düşmək, həyəcana düşmək, qorxmaq. …Atalarından bir xəbər çıxmadı.
Xədicə bərk qorxuya düşmüşdü. S.S.Axundov.
Katib … bərk qorxuya düşdü, bir neçə vərəqə kağız çıxarıb qabağına qoydu. S.Rəhimov.
Qorxuya salmaq – təşvişə salmaq, qorxutmaq, həyəcana salmaq.
2. Təhlükə, fəlakət, qəza və başqa qorxulu hadisə ehtimalı. Müharibə qorxusu. Bu gün yağış qorxusu vardır. Daşqın qorxusu azalmışdır. Quraqlıq qorxusu keçdi.
– İndi yay günü Mil düzündə azan yolçunun susuzluqdan yanmaq qorxusu yoxdur. İ.Əfəndiyev.
3. Ehtiyat.
Qorxum budur əsər qıla, ey şəh, bu ahlar. S.Ə.Şirvani.
4. Zərf mənasında: qorxudan. Qorxudan elə bağırdı ki. Qorxudan az qala ürəyi partladı.