Kök gün (isti, yanmaq) kəlməsi ilə bağlıdır. Sər-in qəlibi üzrə qoy-un kəlməsi əmələ gəlib. Qoyunlar rənginə görə qumral, əbrəş, bəröyüm, qara, boz, gərçal, quyruğunun müxtəlifliyinə görə bozaq, bımıq, balbas (balvaz), mazıq, dönmə, merinos növlərinə bölünürlər. Bu heyvanın adına “man” da deyiblər. Həmin məna manqışlaq (qoyun qışlağı) sözündə özünü hifz edə bilib. Sözün qoy variantı da olub. -un sonradan artırılıb. Köy (isti) sözü ilə qohumdur. Qoyun iti – sürünü qoruduğu üçün belə adlanıb, rusca волкодав adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Mənbələrdə qoy sözü var və ruscaya “пазуха” kimi tərcümə edilib. Qoyqaş kəlməsi də var: “bir-birinin qoynunda (qucağında) yatmaq” anlamında işlədilib. Zənn edirəm ki, qoyun sözü sərin sözünün qəlibi üzrə əmələ gəlib. Qoy sözünün qədim mənası “isti” deməkdir. “Od” anlamını verən göy(köy) sözü zəminində yaranıb. Qoyun (баран) və qoyun (пазуха) eyni kökdən düzəlib (qoyunun dərisi, yunu isti olduğu üçün belə adlanıb). Qucaq (əsli: qoycaq) sözünün bəzən qol sözü ilə əlaqələndirirlər. Əslində, bu da qoy (qoyun, пазуха) kəlməsi ilə bağlıdır. Qulac isə doğrudan da, qolla bağlıdır: qol və aç sözlərindən əmələ gəlib. Qoltuq da qolla bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)