is. Canavar.
Düşdü qəzadan ora qurdun yolu; Baxdı ki, görsün, quyu boşdur, dolu. A.Səhhət.
Qurd da öz yerini qaranlıq istər ki, onu heç görən olmasın, o da əlinə keçəni dağıdıb gəmirsin, sümüklü-sümüklü, qanlı-qanlı udsun. S.Rəhman.
// məc. Təşbehlərdə.
[Hacı Murad:] Mən olmuşam bir leş, siz olmusunuz bir ac qurd. S.S.Axundov.
[Vaqif:] Xalq razı qalmasa bir hökmdardan; Hakimi qurd kimi didəcək zaman. S.Vurğun.
[Qazanxan:] Gördüm ki, … qara quduz qurdlar evimi dəlir… M.Rzaquluzadə.
◊ Qurd nağılı – vaxt keçirmək üçün danışılan aldadıcı sözlər.
Qurd ürəyi yemək – cəsarətli olmaq, qorxmamaq, ürəkli olmaq. …Bax, indi düşmənlə dalaşmaq vaxtı gəlib çatmışdır.
Oğlan oldu, ya qız, gərək yeri gələndə qurd ürəyi yemiş olsun. S.Rəhimov.
Qurd yağı – mövhumata inananların etiqadına görə, guya iki yaxın adamı və ya qohumu bir-birinə düşmən etmək, yaxud birbirindən ikrah etdirmək qüvvəsinə malik olan maddə (buna nail olmaq üçün bu maddəni onların paltarına sürtmək və ya onların evlərinin astanasında basdırmaq kifayət imiş).
[Nurcahan:] Belə olan surətdə, balam, yəqin ki, oğlana qurd yağı sürtüblər. N.Vəzirov.
Qurdla qiyamətə qalmaq
zar. kin. – çox yaşamaq, ölməmək, həmişə yaşamaq (adətən inkar şəklində işlənir).
Ona bir deyən yoxdur ki, ay arvad, qurdla qiyamətə qalmayacaqsan ki… S.Rüstəm.
Qurdla quzu bir yerdə, yaxud qurd quzu ilə otlayır – çox sakitlikdir, dinclikdir, əminamanlıqdır.
…Guya müxbirimiz oradan yazır ki, “sakitlikdir, qurd quzu ilə otlayır”. C.Məmmədquluzadə.
Qoyun cildinə (dərisinə, donuna) girmiş qurd – öz pis niyyətlərini xeyirxahlıq pərdəsi altında gizlədən qəddar, riyakar adam haqqında.
Gözünün qurdu ölmək – bax
göz.
Köhnə qurd – heç bir hiyləyə aldanmayan, uymayan, hiyləgər, təcrübəli, ayıq, zirək adam haqqında. O, köhnə qurddur, onu aldatmaq olmaz.