Həsən Rüşdiyyə
Hacı Mirzə Həsən Rüşdiyyə (5 iyul 1851, Təbriz – 10 dekabr 1944, Qum) — əslən azərbaycanlı olan İran müəllimi, ruhanisi, siyasətçi və mühərriri. İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmişdir.
== Həyatı ==
Əslən azərbaycanlı olan İranda ilk müasir təlim-təhsil üsullarını tətbiq etmiş Hacı Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir.
O, ilk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir – Mirzə Nəcəfəli xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan "Əxtər" (1875–1896) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə deyilirdi ki, "Avropada hər min nəfərdən on nəfəri savadsız, İranda isə hər min nəfərdən on nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir… İranda da avropasayağı məktəblər olmalıdır".
Bu məqalədən və digər amillərdən təsirlənən gənc Həsən atasından icazə alaraq, Osmanlı dövlətinə yollanır. Orada fəaliyyət göstərən məktəblərin adı onun diqqətini cəlb edir və özünə Rüşdiyyə təxəllüsünü götürür.