V əsrdə müxtəlif german tayfaları Roma imperiyasının qərb əyalətlərinə soxulduqdan sonra öz dillərindən imtina edərək itaət altına aldıqları xalqların əksəriyyətinin danışdığı latın dilinə üstünlük verməyə başladılar. Ancaq onlar bu dilə öz dillərinin elementlərini də gətirdilər. Nəticədə romalıların danışdıqları latın dilindən bir sıra roman dilləri yarandı. Onlardan ən başlıcaları ispan, fransız və italyan dilləri oldu.
Buna baxmayaraq orta əsrlərdə latın dili hələ də elm dili olaraq qalırdı. Elmi kitablar latın dilində yazılırdı. Eyni zamanda kütləni əyləndirmək məqsədi daşıyan macəra kitabları da mövcud idi. Bu kitabların hamısı roman dillərində (əsasən də, fransız dilində) yazıldığından onları roman adlandırmağa başladılar.
Ədəbiyyatda bir-biri ilə rəqabət aparan iki istiqamət mövcuddur. Yunan və Roma modellərinə qayıdaraq bədii əsərin dəqiq bir sxem əsasında qurulmasını (formalizm) nəzərdə tutan istiqamət klassisizm adlanır. Orta əsrlərdə sadə dildə yazılmış və hamının asanlıqla anlaya bildiyi ədəbi əsərlərdə, yəni populyar ədəbiyyatda olduğu kimi xəyalların aşıb-daşmasına can atan istiqamət isə romantizmdir.
Populyar ədəbiyyatda isə, əsasən, bir-birinə aşiq olan cütlüklərin çəkdiyi iztirablardan danışıldığından, söhbət məhəbbətdən və onunla bağlı yaşanan hiss və duyğulardan düşəndə “romantik” sözü içlənir. (Ayzek Azimov. Sözlərin tarixi)