ADNA FARS

Müasir dilimizdə cümə axşamı mənasında işlənir.

Məxəz dildə isə bu söz cümə günü mənasını verir. Dialektlərdə cümə axşamı ilə yanaşı, cümə gününü də ifadə edir. Dil tariximizdə “adına”nın cümə mənasında işlənməsini Nəsiminin bu qəzəlində görmək olar:

Şənbə günü mən uğradım ol sərvi-rəvanə,

Şeyda qılıban saldı məni cümlə cəhanə.

Yekşənbə günü məcnun olub heyranı oldum,

Gördüm yüzün, oxşatdım anı mahi-təbanə.

Düşənbə günü razi-dilimi dedim axır,

Ol gözləri nərgis, yüzü gül, qaşı kəmanə.

Səşənbə günü səyyad olub seyrana çıxdım,

Mən seyd oluban qurban olum püstə dəhanə.

Çərşənbə günü yar gəzə gəldi çəmən içrə,

Bülbül dəxi gördü yüzünü, düşdü fəğanə.

Pəncşənbə günü yarə dedim: pəndim eşitgil,

Faş etmə bu razi-dilimi yaxşı-yəmanə.

Adinə günü gördü cəmalını Nəsimi,

Əmdi ləbi-ləli-şəkkərin ol qanə-qanə.

Qeyd: Qəzəldə şənbə günü – şənbə, yekşənbə günü – bazar, düşənbə günü – bazar ertəsi, səşənbə günü – çərşənbə axşamı, çərşənbə günü – çərşənbə, pəncşənbə günü – cümə axşamı, adinə günü – cümə mənalarında işlənir.

Dastanlarımızda da adna günü cümə, adna axşamı cümə axşamı mənasında işlənir.

Qurbani der: bu dərdləri biləsiz,

Qohum-qardaş yığılasız, gələsiz,

Adna axşamında bəlgə qoyasız,

Kəsilə qovğası, qalı qızların.

                                    (“Qurbani”)