Ə:AXLI

(Gədəbəy, Xanlar) bax ayaxlı. – Ə:axlıyı ma:yəti <mənə gətir> ordan, yayem bu kündələri (Gədəbəy)

Ə:ALĞA

(Gədəbəy) bax ayalğa. – Uşağa ə:alğa qoyma:η, peşman olarsıηız sonralar

ƏBCƏMƏX’

(Şərur) toxumu qabıqdan çıxarmaq

ƏBDAL

(Qax) qanacaqsız, qanmaz. – Allah vuran əbdaldı, xayrını, zaralını bilmiy

ƏBƏ

I (Lənkəran) bax aba II II (Zəngilan) bax aba I III (Böyük Qarakilsə) nənə IV (Meğri, Yardımlı) çilingağac oyununda yerdə qazılan kiçik çuxur, oyunun başlandığı mərkəz. – Çilix’ azcə qalmişdi düşsin əbəyə, ancax yan getdi (Meğri) V (Yardımlı) yuva

ƏBƏÇİ

(Cəlilabad, Lerik, Yardımlı, İmişli, Sabirabad, Zəngilan) mama, mamaça. – Əbəçi oley beysavad, doxdır olanda deyeylər mama (Cəlilabad)

ƏBƏDİMƏG

I (Göyçay, Kürdəmir, Salyan) arxası üstə yıxılmaq. – Mal əbədiyib, oqqədər çırpınıb ki, bağrı çatdıyıb (Salyan) II (Biləsuvar) ölmək. – Bir yekə çöngəmiz əbədiyib

ƏBƏDİMƏX’

(Zəngibasar) bax əbədiməg I

ƏBƏNQƏŞ

(Ordubad) namussuz, biqeyrət, həyasız. – Ədə, sən nə əbənqəş adamsan, mən sə: umud oldum

ƏBLAĞ

(Lənkəran) ala-bula (at). – Bi əblağ atı var onun

ƏBLƏBİÇ

(Qax) soxulcan

ƏBLƏĞ

(Lənkəran) bax əblağ

ƏBLƏSÖ:ÜN

(Lənkəran) sevincək, sevinə-sevinə

ƏBRƏ

(Qax) arba, içərisində müəyyən bir şey olan qabın boş çəkisi

ƏBRƏŞ

(Cəbrayıl, Salyan, Yardımlı, Kürdəmir, Şəki) təpəl, başında ağ xalı olan (heyvan). – Bi sarı əbrəş qoyunum var (Kürdəmir); – Əbrəş qoyunumuz iki gündü itib (Cəbrayıl); – Əbrəş qoyun tayın görüm; qumral qoyun tayın görüm; Həblə-həblə sayırdıx (Şəki)

ƏBRƏVAN

(Salyan) tənzif. – Qadınnarın başında əbrəvan vardı

ƏBRİMÜŞ

(Şəki) qovaq ağacının bir növü

ƏBRİŞİM

(Ağdaş, Kürdəmir, Göyçay) bax əbrimüş. – Bizim tərəflərdə əbrişim çox olur (Kürdəmir)

ƏBRU:S

(Cəlilabad) geyim. – Mənüm əbru:sum yoxdi, mənə bir dəs paltar ver

ƏBRUŞUM

(Mingəçevir) bax əbrimüş