Arbat (Ermənistan)
Arbat — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunda kənd, türk mənşəli toponim.
== Haqqında ==
Arbat kəndi İrəvan quberniyasının İrəvan qəzasında, indiki Zəngibasar (Masis) rayonunun mərkəzindən 20 km şimal-qərbdə, Zəngi çayından axan Şiraabad arxının yanında yerləşir. Zəngibasar rayonu yaradılanadək, 1969-cu ilə kimi Vağarşabad rayonunun tərkibində olmuşdur. «İrəvan əyalətinin icmal dəftəri»ndə Arebat kimi, Qafqazın 5 verstlik xəritəsində Arbat formasında qeyd edilmişdir.
Əhalisi yalnız azərbaycanlılardan ibarət olan bu kənddə 1831-ci ildə 391 nəfər, 1897-ci ildə 671 nəfər, 1914-cü ildə 1160 nəfər yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuş və kəndə Türkiyədən köçürülən ermənilər yerləşdirilmişdir. Ermənilərlə yanaşı, burada 1922-ci ildə 263 nəfər, 1926-cı ildə 341 nəfər, 1931-ci ildə 263 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin 1948-ci il xüsusi qərarları ilə azərbaycanlılar 1948-1953-cü illərdə zorla bu kənddən Azərbaycana köçürülmüşdür.
«Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti» kitabında azərbaycanlılar erməni əhalisi kimi verilmişdir. Belə ki, 1897-ci ildə burada 677 nəfər azərbaycanlı, 1926-cı ildə 341 nəfər azərbaycanlı, 214 erməni yaşamışdır.