Belə zənn edirəm ki, bu sözün rənglə əlaqəsi yoxdur. O, “od” mənasını verən göy (küy) kəlməsi ilə bağlıdır və günəşə, ulduza, ildırıma görə od mənalı sözlə adlandırılıb. Göy öskürək (qaqauzlar buna “yorğaca”, yəni “silkələyən” deyirlər) birləşməsindəki göy sözü də “yandırmaq” anlamı ilə bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Xəsis sözünün sinonimidir, “yanmaq” anlamını əks etdirən göy (gün, göy...) kəlməsi ilə bağlıdır: xəsis adam başqasına bir şey verdikdə sanki od tutub yanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Kürəkən əvəzinə, bəzi hallarda göy də işlədirik. Adaxlı qıza bir vaxtlar güvəy (qüvəy), adaxlı oğlana isə güvəyi (qüvəyi) deyiblər. Hər iki halda sözün kökü quda kəlməsinə gedib çıxır. Elə kürəkən sözünün özü də quda ilə qohumdur. Tuva dilində toy əvəzinə kuda sözünü işlədirlər. Onlar сватать sözünü qudala kimi tərcümə edirlər. Deməli, bütün hallarda quda kəlməsi evlənməklə (kəbinlə) bağlıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)