Ramazan Tarverdiyev
Tarverdiyev Ramazan Baxşəli oğlu (5 avqust 1928, Hacıqabul, Salyan qəzası – 27 may 1983, Bakı) — coğrafiyaşünas alim, hidroloq, coğrafiya elmləri doktoru (1977), professor (1978).
== Həyatı ==
Ramazan Tarverdiyev 1928-ci il avqustun 5-də indiki Hacıqabul rayonunun Navahı kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. 1953–1956-cı illərdə Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsində, 1956–1968-ci illərdə Azərbaycan SSR EA Coğrafiya İnstitutunda, 1968–1973-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fiziki coğrafiya kafedrasında dosent və 1973-cü ildən ömrünün sonuna kimi kafedra müdiri vəzifəsində çalışmışdır.
Tədqiqatları əsasən Azərbaycanın gölləri və su anbarlarının hidroloji xüsusiyyətlərinə həsr edilmişdir. Azərbaycanın Böyük Qafqaz təbii vilayətində yerləşən Cavanşir, Nohurqışlaq, Qaranohur, Aşıq Bayramlı, Yekəxana su anbarlarının, Tufangöl, Ağrıbir, Taxtagöl, Xalaxı göllərinin hidroloji xüsusiyyətlərini öyrənmişdir. Əsas tədqiqat obyekti Mingəçevir su anbarı, onun suyunun səviyyə rejimi, külək-dalğa rejimi, temperaturu, lillənməsi, donma halları, suyun rəngi, şəffaflığı, su balansını öyrənmişdir. Su anbarının lillənməsinin təkcə çayın gətirdiyi lil materialları ilə deyil, həm də sahillərin yuyulub uçması, külək vasitəsilə gətirilən materiallar hesabına da baş verməsini tədqiq etmişdir. Məhz onun irəli sürdüyü elmi-metodik hesablama üsulları Şəmkir SES-in tikintisində tətbiq olunmuşdur.
Ramazan Tarverdiyev 1980-ci ildə Rusiyanın Baykal gölündə elmi-tədqiqat işləri aparmışdır.