ACIQ (nəyəsə qarşı oyanan psixi bir narahatlıq) Cəmil... güləndə acığından Tahirin əlləri titrəməyə başladı (M.Hüseyn); HİRS Məmməd bəyin qan beyninə vurdu, hirsindən titrədi... (Çəmənzəminli); QƏZƏB Mən... həya və qəzəbdən boğular kimi olub söz tapa bilmədim (M.İbrahimov); QEYZ Pası yırğalana-yırğalana qeyz və istehza ilə: – Mən neyləmişəm?! – dedi (S.Rəhimov); HİKKƏ Bu gülüş, yamanca dəydi hədəfə; Dala da baxmadı o hikkəsindən (B.Vahabzadə); KİN [Həmid] məcrasına sığmayan çay kimi, kini, hiddəti coşub-daşırdı (H.Abbaszadə); HİDDƏT (bax).