Sahibə Qafarova
Sahibə Əli qızı Qafarova (19 mart 1955, Şamxor) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin sədri (2020-ci ildən) və IV, V, VI çağırış deputatı, TÜRKPA-nın fəaliyyətdə olan sədri, filologiya elmləri doktoru, professor.
== Həyatı ==
Şəmkir şəhərində anadan olub. M. F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitunun Rus dili və ədəbiyyatı fakültəsini (Bakı Slavyan Universiteti) və Azərbaycan Pedaqoji Dillər İnstitunun İngilis filologiyası fakültəsini fərqlənmə diplomları ilə bitirib. Rus və ingilis dillərini bilir. Ailəlidir, 2 övladı var.
1978–1981-ci illərdə Şəmkir şəhərində orta məktəblərdə müəllim işləyib.
1981–2020-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (Bakı Slavyan Universiteti) laborantı, müəllimi, baş müəllimi, dosenti, professoru, Qərb Universitetinin Qərb dilləri fakültəsinin dekanı, Bakı Slavyan Universitetinin Avropa dilləri kafedrasının müdiri vəzifələrində çalışıb.
== İctimai-siyasi fəaliyyəti ==
2004–2020-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor vəzifəsində (2010–2020-ci illərdə ictimai əsaslarla) işləyib.
2006–2007-ci illərdə ABŞ Dövlət Departamentinin "Fulbrayt Skolarşip" proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda çalışıb.
2010–2020-ci illərdə dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.